ÜRƏYİNİN İŞIĞI ÜZÜNDƏ ƏKS OLUNAN ADAM

                                                  
                              Ruha sığal çəkən şeirlərin var,
                              Hər sözün, söhbətin könül oxşayar.
                              Səsindən ilahi şirinlik yağar,
                              Günəş də başına dolanar sənin.

Vaqif İsaqoğlu


Professor Məhərrəm Qasımlını-o gözəl ziyalını, dəyərli insanı tanımayan, işıqlı, nurlu üzünü görməyən, xoş səsini eşitməyən bir kimsə tapılmaz. Azərbaycanda elə bir ailə yoxdur ki, Məhərrəm Qasımlı arzu olunan qonaq kimi ora təşrif buyurmasın. O, elə bir arzuolunan, sevilən qonaqdır ki, yolunu həmişə səbirsizliklə gözləyirlər. Bu, doğrudan da belədir. Və doğrudan da filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı «Mədəniyyət» kanalında «Aşıq məclisi»nin aparıcısı kimi hər evin sevimli, istəkli qonağı olub.
Aşıq sənətinin unudulmamasında, aşıq mədəniyyətinin inkişafında, aşıq məktəbinin araşdırılmasında və təbliğ edilməsində, bu sənətin incəliklərinin öyrənilməsində bir alim kimi, folklorçu kimi, tarixçi kimi, ədəbiyyatşünas kimi professor Məhərrəm Qasımlı təkbaşına bir institutun görə biləcəyi qədər iş görmüş, Dədə Qorquddan üzü bəri yaşayıb-yaratmış aşıqların izinə düşmüş, onların həyat və yaradıcılığını, sənətkarlıq xüsusiyyətlərini dərindən-dərinə araşdırmağa müvəffəq ola bilmişdir.

Səmimi deyirəm. Məhərrəm Qasımlı Alakol kəndində, Paşa  kişinin  ocağında dünyaya göz açsa da, Azərbaycanın ən şanlı və şöhrətli oğullarından biri kimi adını ədəbiyyat tarixinin səhifələrinə qızıl hərflərlə yazdıra bilib. Və bir daha səmimi olaraq deyirəm ki, Məhərrəm Qasımlı elə bir ziyalıdır ki, elə bir alimdir ki, Azərbaycan xalq onunla bu gün də öyünür, sabah da öyünəcəkdir. Ona görə ki, o, həm alim adını, həm ziyalı adını, həm də türk adını bir kişi boyu ucalda bilmiş, heç kimin önündə əyilməyib, heç kimin yanında gözükölgəli olmayıb. O, həmişə ləya- qəti, kişiliyi hər şeydən uca tutub. Var-dövlətlə yox, halal qələm ilə öyünüb.
O, işıqdı, o nurdu. Alakoldan düşən bu işıq, bu nur bütün Turan dünyasına səpələnib. Bütün Turan dünyası onun işığına can atır, çünki Məhərrəm Qasımlının işığında Makedoniyalı İsgəndərin zülmətdə axtarıb tapa bilmədiyini tapmaq mümkündür.
Professor Məhərrəm Qasımlı türk dünyasında yaxşı tanınan və qəbul edilən alimlərdən biri olmaqla yanaşı, o, həm də istedadlı şairdi, sinəsində kövrək bir ürək döyünür. Mən əvvəllər anlaya bilmirdim ki, Tanrının bu xalqa bəxş elədiyi o böyük alim və böyük şair kövrək ürəklə bu cəmiyyətdə necə yaşayır? Onun son dərəcə həssas və incə qəlbi haqsızlığa, ədalətsizliyə... necə dözür? Sonradan anladım ki, xalq yolunda, elm yolunda yaz qarı kimi əriyən o böyük insanın ürəyi dəfələrlə şıltaqlıq eləyib və bu «şıltaqlığın» nəticəsində professor Türkiyədə müalicə olunub, amma onun şair ürəyi yenə də öz şıltaqlığından əl çəkmir ki, əl çəkmir.
Məhərrəm Qasımlı elə bir şairdir ki, onun sözünün işığında ziyarətə getmək olar.
Sözün işığında mənalı və şərəfli bir ömür yaşayan istedadlı şair şeirlə yox, daha çox elmlə məşğul olduğuna görə alimliyi şairliyini kölgədə qoyub. «Şeir yazmağın siqaret çəkməkdən asan olduğu» (Məmməd Araz) bir vaxtda, yazı-pozu adamlarının milyonçuların pul kisələrindən asılı vəziyyətə düşdüyü bu məmləkətdə Məhərrəm Qasımlı söz meydanından çıxıb elm meydanında öz gücünü, istedadını ortaya qoydu və bunun nəticəsində 1987-ci ildə «Şah İsmayıl Xətainin poeziyası» mövzusunda namizədlik, 1997-ci ildə isə «Aşıq sənəti» qaynaqları, təşəkkülü və mühitləri» mövzusunda doktorluq dissertasiyası müdafiə elədi.
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq görülən professor Məhərrəm Qasımlı dünya şöhrətli alimdir. O, beynəlxalq aləmdə nüfuzlu folklor tədqiqatçısı kimi tanınır. ABŞ, Rusiya, Almaniya, Türkiyə, İran və bir çox başqa ölkələrdə tədqiqatları nəşr edilən görkəmli alimin aşıq sənəti sahəsindəki elmi-təşkilati fəaliyyəti, həm də poetik yaradıcılıq və bədii-publisistik fəaliyyəti Azərbaycan və dünya alimləri tərəfindən yüksək qiymətləndirilib
Məhərrəm Qasımlı folklorşünas alim kimi Naxçıvan, Dərbənd, Gəncəbasar ərazilərindən, eləcə də Cənubi Azərbaycan, Qazaxıstan və Gürcüstanda yaşayan soydaşlarımızdan folklor nümunələri toplayıb nəşr etdirmişdir. «Bizim ellər yerindəmi?», «El düzgüləri, elat söyləmələri», «Yuxu yozmaları», «Mən eldən ayrılmazdım», «Aşıq sənəti» və s. kitablarıyla şöhrətin ən yüksək zirvəsinə ucalan Məhərrəm Qasımlı xalq üçün, vətən üçün göstərdiyi misilsiz xidmətlər ilə xalqın qan yaddaşında hələ sağlığında ikən əbədi yaşamaq hüququ qazanıb.
Bu gün də yazıb-yaratmaqdan yorulmaq bilməyən, tədqiqat işlərini uğurla davam etdirən, elmi fəaliyyətilə yanaşı təhsil sistemində də fəaliyyət göstərən prof. Məhərrəm Qasımlı Azərbaycanın bir çox nüfuzlu universitetlərində çalışmaqdadır.
AMEA Ədəbiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan, eləcə də “Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsinə rəhbərlik edən, 11 kitab, 2 monoqrafiyanın müəllifi olan  prof. Məhərrəm Qasımlı aşıq sənəti sahəsindəki elmi-təşkilati fəaliyyəti haqqında 2006-ci ildə Türkiyənin Atatürk Universitetində disertasiya işi müdafiə olunub. O böyük alimin şairin özü və sözü  haqqında onlarla məqalə yazılıb. O böyük ziyalı haqqında nə qədər yazılsa da bir o  qədər azdır. Onun kimi ziyalılardan, görkəmli alimlərdən söhbət açmaq bir şərəf işidi, həm də savab işidi.
Professor Məhərrəm Qasımlı haqqında yazmaqla bu şərəfə mən də yiyələndim,  mən də savab qazandım.
  Qazandığım bu şərəfə və savaba görə o böyük insana “sağ ol” deyirəm.
             
               Sağ ol ki, sən varsan, Məhərrəm Qasımlı!
               Sağ ol ki, bir Günəş kimi haqqın yollarına işıq salırsan, nur ələyirsən.
               Qoy həmişə işığına yığışaq.
               Qoy həmişə işığınla qaranlıqlara yarılsın.

Written by
Published in Blog Posts