ÖMRÜ VƏFA ETMƏSƏ DƏ, SÖZÜ SƏFA VERDİ

Vəliyəddin MİSİR OĞLU
yazışı-publisist,
"Qızıl qələm" mükafatçısı

 

İnsan həyatda həmişə cəfakeş olub. Bu cəfadan bəzisinin əməli səfa verib, bəzisinin də sözü. Sözü səfa verənlər həyatın ən xöşbəxtləridir. Çünki söz ölmür, daim yaşayır. Həmişə də qılınc kimi kəsir. Ona görə sözə qılınc deyirlər, qılınca söz demirlər. Amma bu timsallı adamların da həmişə taleyi keşməkeşli olub. Bəzisində ömrün keşməkeşi, bəzisində dövrün, zəmanənin keşməkeşi.
Sözü səfa verənlərin ömrü yarımçıq qalsa da, onların söz körpülərinin bünövrəsi mötəbər tökülür, hər dövrün tufanına qarşı dözümlü olur. O əsrdən bu əsrə qədər uzanıb gedir. Üstündən milyonlar adlayıb keçir, yeni gələn nəsil sözün dəhlizinə pənah gətirir, kölgəsindən bəhrələnir.
Bizim yaşam dövrümüzdə də ömrü bivəfa, sözü səfa verənlərdən biri olan şair-aşıq Aydın Çobanoğlunun yenicə çapdan çıxmış kitabına baxdıqca yuxarıdakı fikirlərim öz təsdiqini tapır.

Tərtibçi və ön sözün müəllifi hörmətli professor Qəzənfər Paşayev, rəyçiləri Xalq şairi Zəlimxan Yaqub və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, redaktoru şair Məlahət Yusifqızı, toplayanları Aytən Aydınqızı və Səyyad Aydınoğlu olan bu kitabın üz qabığı olduqca cəlbedicidir. Üzü parlaq və aydın, gözləri mənalı görünən şair-aşığın əlindəki saz elə bil qaranlıq bir dünyaya uzanıb. Arxa fondakı ağacı qara kölgə bürüyüb. Sanki bu, ömür ağacıdır. Üz qabığının arxasındakı ağacın yarpaqları yaşıl olsa da, onu tutqun günəş bürüyüb. Dərki aydın olan oxucu kitabın üz qabığındakı bu mənzərədən şairin taleyini asanlıqla duyur. Üstəlik, kitabın adını oxuyanda oxucu ikiqat düşünür... "Ömrün etməyəcək vəfa dedilər"... Əhsən bu tərtibata! Kitaba ad seçənə!
Şair-aşığın əldə olan dörd min misraya yaxın şeirlərinin içərisindən bu misranı seçib başlıq verən çox böyük alim, nasir, vətəninin şöhrətini, xalqının adət-ənənəsini, sözünü, kəlməsini, ədəbiyyatını səhifə-səhifə yarpaq kimi bütün Şərq dünyasına səpələyən tərtibçi Qəzənfər Paşayevin ədəbi-bədii duyumuna heyran olmaya bilmirsən. Sözü sözdən seçmək bacarığı ulduzlar içərisindən bəxt ulduzunu seçmək qədər çətindir. Aşıq Aydın Çobanoğlunun şeir yaradıcılığı sərhəddi bilinməyən bir çəmənzara bənzəyir. Şair kəlmələrini bu çəmənzara səpələyib. Qəzənfər Paşayev bax, bu ümmanlar içərisindən bu misranı seçib, kitaba ad qoyub. Sən demə, şair-aşıq yarımçıq qalan ömrünü bəri başdan duymuş və bunu misralara düzübmüş:
Bəxtinə yazılıb cəfa, dedilər,
Çobanoğlu sürməz səfa, dedilər.
Ömrün etməyəcək vəfa, dedilər,
Onu həyat özü bilər, dedim mən.

Cəmi qırx iki il ömür yolu keçmiş belə fəhmin sahibindən ozan dünyası çox şey qazanardı. Heyf ki, fələyin köhləni yaman yerdə haqladı onu...
Qəzənfər müəllim yazısında Aydın Çobanoğlu yaradıcılığına gur bir işıq salıb. Müəllif Aydın Çobanoğlunun təkcə poeziya deyil, nəsr yaradıcılığına da çox güclü təhlil verib. Belə ki, xatirələrindəki bədii çalarlara, xarici ölkələrdə, digər rəsmi görüşlərdəki çıxışlarına, diplom işindəki təhlillərə və Aşıq Nəcəf Əlimərdanlı yaradıcılığına verdiyi açıqlamalardan görünür ki, Aydın Çobanoğlunun aşıqlıqla, şairliklə yanaşı, həm də güclü elmi və elmi publisistik qələmi varmış.
Kitabda Qəzənfər Paşayevin Aydın Çobanoğlunu ozan sənətinin bilicilərindən biri kimi təqdim etməsi oxucuda onun yaradıcılığı haqqında geniş təsəvvür yaradır. Onun musiqi duyumu, usta ifaçılığı, səs tembiri, dastan yaradıcılığını dərindən bilməsi və səhnə mədəniyyəti aşığın azman sənətkarlığından xəbər verir. O, həm də aşıq-bəstəkardır. Bu gün də sevilə-sevilə oxunan və çalınan bir neçə mahnıların və saz havalarının müəllifidir.
Kitabda göstərildiyi kimi, Aydın Çobanoğlu sazı qartallı zirvələrdən, çovqunlu, boranlı aşırımlardan, susuz səhralardan, qaysaqlanmış torpaqlardan, dilbilməz məclislərdə min bir bəlalardan qoruya-qoruya Bakıya gətirib çıxaran sənətkarlardan öndə gedənlərindəndir. Belə xidmətlərin nəticəsində də Aydın Çobanoğlu sazı ilə birlikdə dünyanın bir çox ölkəsini - Hindistan, Polşa, İsveç, Türkiyə, Almaniya, Rusiya, Orta Asiya respublikalarında qədim ozan sənətimizi layiqincə təmsil, təbliğ etmişdir. O bütün səfərlərindən fəxri adlar, medallarla Vətənə dönmüşdür. Belə ki, I Ümumittifaq fes¬ti¬va¬lı¬nın laureatı (1977-ci il), Gənc Aşıq¬¬ların Respublika baxış müsabiqələrinin qa¬libi (1977-79-cu illər), Pol¬şa Xalq Respublikası Zelena-Qura şəhərində ke¬¬çi¬ri¬lən XI Bey¬nəlxalq Folklor Festivalının laureatı (1984-cü il), II Dün¬¬ya müharibəsində qələbənin 40 illiyinə həsr edi¬lən Ümum¬it¬¬ti¬faq fes¬tivalı laureatı (1985-ci il)¬, Böyük Oktyabr So¬sialist İn¬qi¬¬¬la¬bının 70 illiyinə həsr edilən II Ümumittifaq Xalq Ya¬ra¬dı¬cı¬lı¬ğı Fes¬ti¬va¬lı¬nın laureatı (1987-ci il), sənətdəki uğurlarına, zəh¬mət¬keş¬lərin və gənc nəs¬lin estetik tərbiyəsində mühüm xid¬mət¬lə-ri¬nə görə Sov.İKP MK, SSRİ Nazirlər Sovetinin fəxri fərmanına, Res¬pub¬li¬ka Le¬nin Komsomolu mükafatına (1988-ci il), Al¬ma¬¬niya De¬mok¬ratik Res¬pu-blikasına (1988-ci il fevral-mart) "Dost¬luq sə¬fə¬ri"ndə Xalq çalğı alətləri an¬sam-blı ilə birlikdə rəh¬bər kimi Ab¬¬şeron ra¬yo¬nu¬nu təmsil etmiş və çıxış¬la¬rına görə fəx¬ri fər¬ma¬na və Türkiyənin Konya şə¬hə¬rin¬¬də ke¬¬çirilən "Konya Aşıqlar Bayramı"nda Qarslı aşıq Mu¬rad Ço¬¬ba¬noğ¬lu ilə yarışmada festivalın baş mükafatına – Ata¬türk qı¬zıl medalına (1990-1991-ci illər) la¬¬yiq görülmüş¬dür.
Onun vaxtilə təməl daşını qoyanlardan biri olduğu və arzuladığı "Aşıq Pəri məclisi", Aşıqlar Birliyinin müstəqil birlik kimi fəaliyyət göstərməsi və digər xalq yaradıcılığı və folklorumuza aid ictimai birliklərin fəaliyyəti məhz Aydın Çobanoğlunun ilk amalı olub.
Kitabın redaktoru şair Məlahət Yusifqızı da "Şaha baş əyməyən Çobanoğlu" başlıqlı yazısında özünün və Aydın Çobanoğlunun dili ilə çox sadə, yapışıqlı və yanıqlı danışır. Elə danışır ki, hər bir oxucu – istər cavan, istərsə də yaşlı yenidən "Məhəbbət şahı"nın hüzuruna getmək istəyir. Şahla vuruşda gücünü sınamaq istəyir. Məlahət xanım oxucuya çatdırır ki, hər hansı bir dövrün şahına baş əyməyən sənətkar (Nəsimi kimi, Füzuli kimi) "Məhəbbət şahının kənizi" qarşısında belə özünü diləkli bilir, ondan dilək umur. Məhəbbət şərbətini sevgilisinin gözlərindən içmək istəyir.
Hicrani Aydınam, qəm çəkirəm mən,
Qəmli gözlərindən nəm çəkirəm mən...
Şair Məlahət xanımın redaktor yazısını bir neçə dəfə oxumasan ürəyin soyumur, ürəkdən tikan çıxmır. Ona görə ki, Məlahət xanımın qələmi təkcə şair qələmi deyil, həm rəssam fırçasıdır, həm tablo boyasıdır. Aşıq-şairin fəlakət tablosunu bu fırça ilə çəkib, bu boya ilə rəngləyib. Hiylə, kələk, şeytana uyanlarla birləşib, düşmənə dəstək olub. Aydının həyatı bu iki burulğanın arasında sona yetdi, – deyir. Şairin qələmi həm də bacı qələmidi, ana neyidi – haray çəkib sızlayır, nakam oğulun taleyini ağlayır. Çünki o, Aydın Çobanoğlunu yaxından tanıyırdı, bir bulağın suyundan içmişdilər. O, həm də tədqiqatçıdır. Aydın yaradıcılığına olduğu kimi qiymət verir: "Aydın sazı, sözü, əxlaq davranışı ilə birgə arzuolunan adam idi. O, insanları saz-sözə, sənətə, haqqa döndərə bilirdi" – deyir.
Ümumiyyətlə, Aydın Çobanoğlunun sağlığını görməyən yenicə çapdan çıxmış "Ömrün etməyəcək vəfa dedilər" kitabında onun sənət yaradıcılığı, elmi və elmi publisistik yazıları, sənət uğurları, arzuları və poeziyası tam əhatə olunub. On iki bölməyə ayrılmış bu kitabda şair-aşığın təcnisləri, gəraylıları, qoşmaları, müxəmməsləri, ithafları, mərsiyələri, nəğmələri, səfər təəssüratları, unudulmaz görüşləri, sazlı-sözlü sənətkarlar haqqında yazıları, müsahibələri ayrı-ayrı bölmələrdə verilmişdir. Onun o vaxtkı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirərkən "Aşıq Nəcəfin həyat və yaradıcılığı" mövzusunda yazdığı diplom işi gələcək tədqiqatçılar üçün ən yaxşı folklor nümunəsi kimi qiymətləndirilmişdir.
Prof. Qəzənfər Paşayevin xüsusi vurğuladığı kimi Aydın Çobanoğlu filoloji təhsilli yeganə aşıq-şairdir. Bu çox mətləblərdən xəbər verir.
Kitabdakı poeziya nümunələrini və materialları toplayan Aydının övladları – Aytən Aydınqızı və Səyyad Aydınoğlu yəqin ki, ömrün baharını daha çox xoşlayan, –
Gözəllər nazlanar bulağın üstə,
Cavanları dərdə salan, ay Bahar! – deyən atalarının ruhunu hər zaman şad etmək üçün Bahar müjdəsi kimi daim onun yaradıcılıq axtarışında olacaqlar. Çünki ədəbiyyatımızı, mədəniyyətimizi, musiqimizi, folklorumuzu daha da inkişaf etdirmək, keçmişdə olanlarımızı arayıb-axtarmaq, üzə çıxartmaq üçün münbit şərait yaradılmışdır.
Ölkəmizin dünya şöhrətli birinci xanımı Mehriban Əliyevanın qayğısı və səyi nəticəsində mədəniyyətimiz – tarımız, sazımız, muğamımız dünyanın musiqi kitabına yazılıb. Dünyanın mötəbər saraylarında bizim sazımız çalınır, muğamımız dinlənilir, ədəbiyyatımız oxunur. Bu kitabın, bu zümrədən olan ədəbiyyatın çap olunması, geniş kütlələrə yayılması məhz bu qayğının nəticəsidir.
Aydın Çobanoğlu yaradıcılığını yenidən həyata qaytarmaqda təşəbbüskar olan, qayğı göstərən millət vəkilimiz çox hörmətli Qənirə xanım Paşayevaya, professor Qəzənfər Paşayevə, Xalq şairi Zəlimxan Yaquba, folklorşünas Elxan Məmmədliyə, şair Məlahət Yusifqızına, kitabın çap olunmasında öz maddi yardımını əsirgəməyən xeyriyyəçi iş adamı Namazəli Məmmədova və digər zəhməti olanlara dərin minnətdarlıq və təşəkkürümüzü bildiririk.
İnanırıq ki, Aydın Çobanoğlunu yaxından tanıyan, onunla oturub-duran dost-tanışları, folklorşünaslarımız, tədqiqatçılarımız onun ürəklərdə yaşayan və yaddaşlarda qalan şeirlərini, xatirələrini və digər əlyazmalarını da toplayacaq və yeni kitablar çap olunacaq. Çünki onun ömrü özünə vəfa etməsə də, sözləri və sənəti bizə səfa verir və gələcək nəsillərə də örnək olacaqdır.

Vəliyəddin MİSİROĞLU
yazışı-publisist,
"Qızıl qələm" mükafatçısı

Summary
Craetive-activity Of Aydin Chobanoglu
The presented paper is dedicated to the talanted poet-ashig Aydin Chobanoglu and his creative-activity. The author especially wrote about his last book which was published after his death. This book covers his craetive activity, poetry, scientific articles. The people who know the talanted poet-ashig appreciate his work, they know that Aydin Chobanoglu always represented ashig art decently not only in our country, but also all over the world.

Written by
Published in Blog Posts