Haqsızlığın qurbanı olan aşığın qəriblik duyğuları

XIX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də Varxiyanlı Aşıq Məhəmmədidir. O, XVIII əsrin sonlarında Zaqatala rayonunun Varxiyan (indiki Bəhmədli kəndində anadan olub, XIX əsrin 60-cı illərində bir toy məclisində bədnam qonşularımız olan ermənilər tərəfindən zəhərlənərək öldürülüb. Aşıq yaradıcılığından bəhs olunan bütün mənbələrdə ondan qüdrətli bir söz ustası kimi danışılır.
Aşıq Məhəmmədin əsərləri ilk dəfə ötən əsrin 30-40- cı illərində işıq üzü görən "El şairləri" və Aşıqlar" kitabında çap olunub. 1983- cü ildə buraxılan "Azərbaycan aşıqları və el şairləri"( I cild) kitabında görkəmli aşığın 43 şeiri verilib.Bu kitab 1985-cü ildə İstanbulda çap olunub. 2000-ci ildə bu sətirlərin müəllifinin folklorçu Qurban Şabanovla birgə yazdıqları "Varxiyanlı aşıq Məhəmməd - zaqatalalı ustad"kitabında isə ustad sənətkarın 106 şeiri verilib ki, bunların 65-i ilk dəfə çap edilib. Aşıq Məhəmməd yüksək ifaçılıq mədəniyyətinə malik olub və demək olar ki, aşıq şerinin bütün şəkillərində əsərlər yaradıb. Onun dərin mənalı ustadnamələri, müxəmməs, divanı, gəraylı,qoşma, qıfılbənd, müsəddəsləri bu gün də öz orjinallığı ilə diqqəti cəlb edir.

Görkəmli folklorçu və etnoqraf A.Fon Plotto, folklorçu Əhliman Axundov, məşhur ədəbiyyatşünas, professor F.Qasımzadə, professor Paşa Əfəndiyev və başqaları öz tədqiqatlarında Aşıq Məhəmməd yaradıcılığını yüksək qiymətləndiriblər. Aşıq Məhəmməd XIX əsr Azərbaycan poeziyasının ən qüdrətli söz ustalarından biri olmaqla bərabər, Aşıq Alı, Molla Cümə, Şəmkirli Aşıq Hüseyn, Yəhya bəy Dilqəm, Aşıq Ələsgər kimi sənətkarlarla bir sırada dayanan azman sənətkar olub.
O, əlində saz, el-el dolaşıb, Şəki, Şirvan, Qarabağ, Marağa, Təbriz, Tehran Gürcüstanı gəzib saysız-hesabsız məclislər keçirib. Müxtəlif məclislərdə erməni aşıqları ilə də çox qarşılaşıb və öz fitri istedadı, sənətkarlığı ilə onları üstələyib. Odur ki, erməni xisləti burada da özünü göstərib.
Onlar Aşıq Məhəmməddən intiqam almaq üçün fürsət axtararaq, istəklərinə nail olmaq üçün aşığa böhtan atıb, onu tutdurublar. Aşıq Məhəmmədə 3 il həbs cəzası kəsilib və o Rusiyaya sürgün olunub.
Günahsız həbs olunması, qürbət ölkə aşığı yaman sarsıdır və o, yanıqlı şeirlər yazır.
Ağır həbsxana mühiti, vətəndən-dost-tanışdan ayrı düşməsi aşığı için-için ağladır.
Ay həzarat, gəlin sizə söyləyim,
Nə yaman olurmuş halı dustağın,
Gedən olmur, gələn olmur yanına
Bağlanıb qalırmış yolu dustağın

Orda şahid çıxır hamı üzünə
Beynəvadır, hakim baxmır sözünə,
Oxuyanda son hökmünü üzünə
Tutulur ağzında dili dustağın.

Pis olmasın Məhəmmədin işləri,
Yad olub getməsin dost-tanışları,
Ağlayanda tökər qanlı yaşları,
Yadına düşəndə eli dustağın.

Doğru sözdür: "Haqq nəzilər, ancaq üzülməz". Qohumları, dostları bilirlər ki, Məhəmmədin heç bir təqsiri yoxdur. Odur ki, aşığın işinə yenidən baxılmasını tələb edirlər. Aşıq bir il keçməmiş həbsdən qurtarır və vətəninə qayıdır.
Lakin erməni bədxahlar ondan əl çəkmirlər və Səbətlidə ( Gürcüstan Bəhmədli ilə yaxın kəndi) bir toy məclisində onu iki şagirdini zəhərləyərək öldürürlər.
Aşıq Məhəmmədin ölümündən çox-çox illər keçsə də, onun yaradıcılığı öz təravətini itirməyib və daim təzə tər qalacaq.

Həşim İsmayılov
Azərbaycan Müəllimlər
İnstitutu Zaqatala filialının
müəllimi, pedoqoji elmlər namizədi.

Aşıq Məhəmməd Varxiyanlı

Dünyada

Könül, qafil olma, heç kəsə uyma,
Aldanma heç cürə vara dünyada.
Düz gəzib dolansan ellər içində,
Heç zaman çəkməzlər dara dünyada.

Nə desən yerləşər insan səbrinə,
Gərək dözək fələyin hər cəbrinə.
Əgər əməl etsən haqqın əmrinə,
O səni yandırmaz nara dünyada.

Kəsb elə özünə halaldan maya,
Elə et halalın getməsin zaya.
Məhəmməd, sən şükür elə xudaya,
Nə dilək diləsən verə dünyada.

Gedər oldum

Bir iş idi düşdü mənim başıma,
Gəlin halallaşaq, mən gedər oldum
Gəlib-getməyəli bir gördüm sizi
Gəlin halallaşaq, mən gedər oldum.

Ürəyimdə yanar bunca atəşlər,
Canda qəm əlindən yaranamişlər.
Mənim gülüb, oynadığım yoldaşlar.
Gəlin halallaşaq, mən gedər oldum.

Məhəmmədlə yeyib-içən qardaşlar
Baxın bu da fələk etdiyi işlər.
Gözümdə axıtdım qan ilə yaşlar,
Gəlin halallaşaq, mən gedər oldum.

Məni
Ay ellər, dərdimi kimə söyləyim,
Bir sona edibdi divanə məni.
Ağlaram, didəmdə gedər qanlı yaş.
Allah, özün yetir canana məni.

Xoşuydu söhbəti, xoşuydu sözü.
Qələm qaş altında qaraydı sözü.
Adını demirəm o kəndçi qızı,
Nagəhan salıbdı bir qana məni.

Səbrim çoxdu, zülümünə dözürəm
Demirəm,özümə məzar qazıram
Məhəmmədəm, o cananı gəzirəm
Bilmirəm salacaq ha yana məni.

Mənim
Ay ağalar, gəlin sizə söyləyim.
Düşübdür yadıma ellərim mənim.
Taxsırkar ediblər yaman nahaqdan
Qalmadı danışan dillərim mənim.

Zalım saldat qollarımı bağladı,
Neştər alıb ciyərimi dağladı.
Bacılarım "qardaş" deyib ağladı.
Düşdü Urisetə yollarım mənim.

Sevgilim geyinib qaradan qara,
Yalana, böhtana olmadı çara.
Aparırlar, yarəb, hansı diyara,
Günahsız bağlandı qollarım mənim.

Baxtım düz gətirib, özüm sağ qalsam,
Üç il vədəsindən qayıdıb gəlsəm.
Ay aşıq Məhəmməd, şadlanıb gülsəm,
Düşmənin gözünə küllərim mənim.

Neylərəm
Yeri-yeri, iki dilli dilbərim
Sənin təki beyilqarı neylərəm.
Aldadıb yıxıbsan könlüm evini
Xoşa gəlməz belə çəri neylərəm.

Hilalı qaşların cənnət oxuyurmuş,
Məndən qeyri aşnaların çoxuymuş,
Bir quca almağa halın yoxuymuş,
Çox oxşarsız, sitəmkarı neylərəm.

Qəriblik

Ahü-vay çəkibən, qan ağlamaqdan,
Dönübdü ciyərim, qana, qəriblik.
Hayana baxıram bir kimsənəm yox,
Düşübdü yadıma ana, qəriblik.

Azarım çox olub ağrıyır başım,
Didəmdən tökülür al qanlı yaşım.
Yaxamı çürütdü zalım göz yaşın,
Gətirdi canımı cana qəriblik.

Aləm bilir ki, mən necə sərxoşam,
Bir tuti dilliylə mədhuş, bihuşam.
Ağzından od tökən səməndər quşam.
Qoydu məni yana-yana qəriblik.

Anam yoxdu başın açıb ağlaya,
Bacım yoxdu ürəyini dağlaya.
Torpaq gərək Məhəmmədi saxlaya,
Bəlkə gəldi yar bu yana, qəriblik.

Ya gələm, ya gəlmiyəm

Yolun düşür qürbət elə, ya gələm, ya gəlmiyəm
Soraq verin sağa-sola ya gələm, ya gəlmiyəm.
Qohum-qardaş, dost-tanış, yığılıbsız yanıma
Halallaşaq gülə-gülə, ya gələm, ya gəlmiyəm.

Qurban olum yaradana, nail olmam diləyə,
Dəli könlüm qalxar ərşə, ibadətə fələyə.
Ya qurtarram canımı, ya düşərəm kələyə
Allah bilir bir də daha, ya gələm, ya gəlmiyəm.

Məhəmmədə etmə minnət, olmaz burda qalmağa,
Bəlkə məni torpaq çəkir qürbət eldə olmağa.
Hərdən bir yada salıb, sınıq könül almağa,
Yaylaq əmanət qala, ya gələm, ya gəlmiyəm.

Written by
Published in Blog Posts