Super User

Super User

XIX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də Varxiyanlı Aşıq Məhəmmədidir. O, XVIII əsrin sonlarında Zaqatala rayonunun Varxiyan (indiki Bəhmədli kəndində anadan olub, XIX əsrin 60-cı illərində bir toy məclisində bədnam qonşularımız olan ermənilər tərəfindən zəhərlənərək öldürülüb. Aşıq yaradıcılığından bəhs olunan bütün mənbələrdə ondan qüdrətli bir söz ustası kimi danışılır.
Aşıq Məhəmmədin əsərləri ilk dəfə ötən əsrin 30-40- cı illərində işıq üzü görən "El şairləri" və Aşıqlar" kitabında çap olunub. 1983- cü ildə buraxılan "Azərbaycan aşıqları və el şairləri"( I cild) kitabında görkəmli aşığın 43 şeiri verilib.Bu kitab 1985-cü ildə İstanbulda çap olunub. 2000-ci ildə bu sətirlərin müəllifinin folklorçu Qurban Şabanovla birgə yazdıqları "Varxiyanlı aşıq Məhəmməd - zaqatalalı ustad"kitabında isə ustad sənətkarın 106 şeiri verilib ki, bunların 65-i ilk dəfə çap edilib. Aşıq Məhəmməd yüksək ifaçılıq mədəniyyətinə malik olub və demək olar ki, aşıq şerinin bütün şəkillərində əsərlər yaradıb. Onun dərin mənalı ustadnamələri, müxəmməs, divanı, gəraylı,qoşma, qıfılbənd, müsəddəsləri bu gün də öz orjinallığı ilə diqqəti cəlb edir.

Vəliyəddin MİSİR OĞLU
yazışı-publisist,
"Qızıl qələm" mükafatçısı

 

İnsan həyatda həmişə cəfakeş olub. Bu cəfadan bəzisinin əməli səfa verib, bəzisinin də sözü. Sözü səfa verənlər həyatın ən xöşbəxtləridir. Çünki söz ölmür, daim yaşayır. Həmişə də qılınc kimi kəsir. Ona görə sözə qılınc deyirlər, qılınca söz demirlər. Amma bu timsallı adamların da həmişə taleyi keşməkeşli olub. Bəzisində ömrün keşməkeşi, bəzisində dövrün, zəmanənin keşməkeşi.
Sözü səfa verənlərin ömrü yarımçıq qalsa da, onların söz körpülərinin bünövrəsi mötəbər tökülür, hər dövrün tufanına qarşı dözümlü olur. O əsrdən bu əsrə qədər uzanıb gedir. Üstündən milyonlar adlayıb keçir, yeni gələn nəsil sözün dəhlizinə pənah gətirir, kölgəsindən bəhrələnir.
Bizim yaşam dövrümüzdə də ömrü bivəfa, sözü səfa verənlərdən biri olan şair-aşıq Aydın Çobanoğlunun yenicə çapdan çıxmış kitabına baxdıqca yuxarıdakı fikirlərim öz təsdiqini tapır.

                                                  
                              Ruha sığal çəkən şeirlərin var,
                              Hər sözün, söhbətin könül oxşayar.
                              Səsindən ilahi şirinlik yağar,
                              Günəş də başına dolanar sənin.

Vaqif İsaqoğlu


Professor Məhərrəm Qasımlını-o gözəl ziyalını, dəyərli insanı tanımayan, işıqlı, nurlu üzünü görməyən, xoş səsini eşitməyən bir kimsə tapılmaz. Azərbaycanda elə bir ailə yoxdur ki, Məhərrəm Qasımlı arzu olunan qonaq kimi ora təşrif buyurmasın. O, elə bir arzuolunan, sevilən qonaqdır ki, yolunu həmişə səbirsizliklə gözləyirlər. Bu, doğrudan da belədir. Və doğrudan da filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı «Mədəniyyət» kanalında «Aşıq məclisi»nin aparıcısı kimi hər evin sevimli, istəkli qonağı olub.
Aşıq sənətinin unudulmamasında, aşıq mədəniyyətinin inkişafında, aşıq məktəbinin araşdırılmasında və təbliğ edilməsində, bu sənətin incəliklərinin öyrənilməsində bir alim kimi, folklorçu kimi, tarixçi kimi, ədəbiyyatşünas kimi professor Məhərrəm Qasımlı təkbaşına bir institutun görə biləcəyi qədər iş görmüş, Dədə Qorquddan üzü bəri yaşayıb-yaratmış aşıqların izinə düşmüş, onların həyat və yaradıcılığını, sənətkarlıq xüsusiyyətlərini dərindən-dərinə araşdırmağa müvəffəq ola bilmişdir.