Rizvan Qarabağlı
Memarlıq üzrə fəlsəfə doktoru, dosent,
Şərq Ölkələri Beynəlxalq Memarlıq
Akademiyasının müxbir üzvü


Qarabağın memarlıq tarixini araşdırarkən məlum olur ki, Pənahəli xan və sonra da İbrahim xan bu közəl diyarın, xüsusilə Şuşa şəhərinin abadlıq işlərinə xüsusi fikir vermişlər. Şəhərin ətrafına çəkilmiş qala divarı, Xurşudbanu bəyim və Bikə ağanın binaları, Ağdam bağındakı hasar və daxili binalar, Xəzinə dərəsindəki saray və qala divarları, Şuşanın üç-dörd kilometrliyindəki Xan bağı deyilən yerdə tikilmiş dəyirman, buzxana (sonralar İbrahim xanın oğlu Mehdiqulu xan burda karvansara və bir neçə dükan da tikdirmişdi) və başqa təyinatlı binalar, o cümlədən, atası Pənah xanın vəsiyyəti ilə Qarqarçayın hər iki sahilində ucaldılmış Əskəran qala divarları və s. əlbəttə, Qarabağ xanlarının apardığı abadlıq işlərinin tam siyahısı deyil.

Qarabağda sənətə və sənətkara olan hörmət ənənəvi şəkildə davam etdirilərək səxavətlə nəsildən-nəslə ötürülmuşdür. Elə bu ənənələrin nəticəsi idi ki, illər keçdikcə Qarabağda Molla Pənah Vaqif, Qasımbəy Zakir, Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Əbdürrəhimbəy Haqverdiyev, Üzeyirbəy Hacıbəyov, Əhmədbəy Ağayev, Haşımbəy Vəzirov, Nəcəfbəy Vəzirov, Fərhad Ağazadə və s. jurnalist, ədib, aşıq, şair və dramaturq, o cümlədən, Hacı Hüsü, Sadıqcan, Cabbar Qaryağdı oğlu, Məşədi İsi, Əbdülbaqi Zülalov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Seyid Şuşinski və s. xanəndələr yetişərək nəinki Qarabağ və Azərbaycanda, hətta bütün Şərq və Qərb ölkələrində də məşhurlaşmışlar. Əlbəttə, bu sənətkarlar bəzən fərdi şəkildə fəaliyyət göstərsələr də, xüsusi məclis və qruplara da rəhbərlik etmişlər. Onu da qeyd etmək lazımdır ki, Qarabağda belə ədəbi və bədii yaradıcılıq məclisləri ilə yanaşı, həm də xəttat, naqqaş və memar qrupları da fəaliyyət göstərirdi. Xəttatlara Kərbəlayi Səfərəli bəy, naqqaşlara Mir Möhsün Nəvvab, memar və ustalara isə Kərbəlayi Səfixan Qarabaği rəhbərlik etmişdir.
Bənna Sultan Hüseynin oğlu Kərbəlayi Səfixan Qarabaği 1817-ci ildə Şuşada anadan olmuş və 1910-cu ildə elə bu şəhərdə vəfat etmişdir. 93 il şərəfli ömür yolu keçmiş istedadlı memar Şuşadakı "Mirzə Həsən" məzarlığında-oğlanlarının məzarı yanında dəfn olunub.
Yuxarıda qeyd edildiyi kimi Kərbalayi Səfixanın atası bənna olmuşdur. Sözsüz ki, onun bir sənətkar kimi yetişməsində atasının rolu böyük olub.
Şuşanın ecazkar təbiəti, təmiz suyu və saf havası bir çox sənətkarlar kimi gənc memar Səfixanı da məftun etmişdi. Ona köpə də sənətkar bu şəhəri ömürünün sonuna kimi özünə daimi yaşayış məskəni seçmiş və burada Yasəmən adlı bir qızla ailə həyatı qurmuşdur. Memarın bir qızı və iki oğlu var imiş. Oğlanlarının ikisi də atalarının ən yaxın köməkçiləri olmuşlar. Lakin çox təəssüf ki, memarın övladları özündən əvvəl vəfat etmişdir.
Kərbəlayi Səfixanın yaşadığı ev Şuşanın "Təzə məhəllə" deyilən yerində Molla Abbasqulunun evinin qonşuluğunda olmuşdur. Həyətində su anbarı, bir tut və bir armud ağacı qalırmış. Lakin Molla Abbasqulunun evinin təmiri ilə əlaqədar olaraq nədənsə memarın yaşadığı ev sökülüb məhv edilmnşdir.
Ümidvar olarıq ki, Qarabağda sülh bərqərar olandan sonra memarının da yaşadığı mənzil adına layiq bərpa olunacaq, onun qəbirüstü abidəsi ucaldılacaq, mədəniyyət ocaqları, küçə və meydanlar onun adını əbədiləşdirəcək.
Dəqiq riyazi və həndəsi analizlərlə layihələr işləyən və bu layihələri tikinti meydançasında bilavasitə öz əlləri ilə icra edərək bir millimetr səhvə belə yol verməyən bu memar, yüksək elmi biliyə malik olan intellekli və istedadlı sənətkar kimi özünü yaratdığı memarlıq əsərləri ilə sübut etmişdir.
Kərbəlayi Səfixan ömürünün bütün hissəsini Şuşada yaşasa da onun yaradıcılıq arenası ölkə sərhəddindən kənarlara da tanınmışdır. Odessadakı "Tatarlar" (1870-ci il) və Aşqabaddakı "Qarabağlar" (1880-ci il) məscidi bunu deməyə əsas verir. Hər iki məscidi Memar Kərbəlayi Səfixan inşa etmişdir.
Səfixanın yaradıcılıq bioqrafiyasını xronoloji ardıcıllıqla izlədikdə görürük ki, Bərdənin qədim məzarlığında ucaldılmış İmamzadə məscidi onun bizə məlum olan tikililərinin ilkidir. Tarixi mənbələrdə bu abidənin tikilmə tarixi XVII-XIX əsrlər göstərilir və haqqında bəzi məlumatlar verilərək bildirilir ki, məscidin yerində əvvəllər Şeyx İbrahimin sərdabəsi olmuşdur. Lakin1868-ci ildə memar Kərbəlayi Səfixan Qarabaği onu rekonstruksiya edərək məscid formasına salınmışdır. Beləliklə, sərdabə məscidin mərkəzi zalına çevrilmiş və nəticədə bitkin bir kompozisiya yaranmışdır. Göründüyü kimi memar məscidin ümumi kompozisiya baxımını, yaxşılaşdırmaq üçün sərdabənin konstruksiya quruluşundan məharətlə istifadə etmişdnr. Kvadrat şəkilli həmin sərdabənin yan tərəflərini uzunsov zallarla bağlamış, şimal tərəfini isə açıq qoyaraq buradakı girişi oxvarı tağlı portal işləmişdir. Doğrudur, buna oxşar, portal məscidin cənub fasadında da quraşdırılmışdır. Lakin bu girişlərin fərqi ondadır ki, şimal tərəfdəki giriş ibadət zalı ilə bilavasitə əlaqə yaratdığı halda, cənub girişindən ibadət zalına daxil olmaq üçün mütləq qarşı tərəfdəki otaqdan keçmək lazım gəlir. Qarşı tərəfdəki həmin otaq isə nəinki bayırla ibadət zalı arasında, həm də məscidin yan tərəflərində ucaldılmış dörd minarədən ikisi ilə də əlaqə yaradır. Məscidin şərq və qərb tərəfindəki otaqlar bu otağa nisbətən qapalı həll olunduğundan onların daxili yan tərəflərində qoyulmuş (1,25 x 2,10 m) bir cüt pəncərə vasitəsilə işıqlandırılır. Ümumiyyətlə, hər üç otağın örtüyü daxildən yarımdairə şəkilli tağbəndlə bağlansa da, xaricdən onların səthi nisbətən maili olan yastı formadadır. Bununla yanaşı, ibadət zalının da dam örtüyünün daxili səthi yarımdairə şəkillidir. Lakin xaricdən həmin dam sivri uclu günbəzlə tamamlanmışdır. Günbəzin üzəri çoxbucaqlı həndəsi ornamentlərlə bəzədilmişdir. Günbəzin baraban hissəsində qoyulmuş bir neçə pəncərə isə mərkəzi zalın lazımı qədər işıqlandırılmasını təmin edir.
İslam tikinti mədəniyyətinin başlıca qayəsini təşkil edən uca günbəzlər yerlə köy, insanla Allah arasındakı əlaqənin nə qədər möhkəmlənməsinə xidmət edirsə. Onların daxilindən hündür görünməsi də bir o qədər ucalıq, genişlik və azadlıq anlayışının insan həyatında oynadığı reallığın gerçəkliyinə xidmət edir. Dini binaların inşasında bu məsələyə memarlar həmişə xüsusi fikir vermişlər. Göründüyü kimi, istedadlı memar Kərbəlayi Səfixan da bu ideyadan yan keçməmiş, əksinə, onu Şeyx İbrahimin İmamzadə məscidində tətbiq etmişdir.
Onu da xüsusi qeyd edək ki, Qarabağ məscidləri sırasında Şeyx İbrahim məscidi dörd minarəliliyi ilə də digərlərindən fərqlənir. Bu əlamətinə görə o, nəinki Qarabağda, hətta bütün Azərbaycandakı tarixi məscidlər arasında yeganədir. Minarələrindən ikisi öz funksiyasını daşısa da, digər ikisi və nisbətən kiçik ölçüyə malik olanlar dekorasiya rolunu oynayır. Məscidin əsas minarələri qarabağlıların dilində "paxlava" adı ilə məşhur olan romb şəkilli həndəsi ornamentlərin təkrarı ilə bəzədilmişdir. Minarə üzərindəki bu ornamentlər gövdənin çardağına yaxın məsafədə xüsusi relyefə malik olan keçid qurşağı ilə tamamlanır. Xüsusi kərpic düzümü ilə yaradılmış dalğalar həmin keçid qurşağından sonra sönərək ikinci qurşağa qədər adi kərpic hörgüsü ilə davam olunur. Bu qurşaqla minarənin ümumi tamamlayıcı karnizi (15,63 m) arasında ritmik şəkilli dişliklər düzülmüşdür. Minarələrin çardaq örtüyü Ağdam məscidindəki minarələrin çardaq örtüyü ilə eynidir. Məscidin digər iki dekorativ xarakterli minarəsinin gövdələri isə bütünlüklə sınıq dalğavarı ornamentə bürünmüşdür. Bütünlüklə məsciddə səkkiz görünüşə malik olan ornament diqqəti cəlb edir. Maraqlısı odur ki, bütün bu ornamentlər 21 sm-lik bir modula tabe edilmişdir. Yəni, aralarında iki növü olan üst-üstə üç kərpicin hündürlüyü eyni ilə bir kərpicin uzunluq vahidinə bərabərdir. Şeyx İbrahim məscidi üzərində apardığımız bu və ya tikər memarlıq axtarışlarından bəlli olur ki, Kərbəlayi Səfixan Qarabağla yanaşı Təbriz, Marağa, Ərdəbil, və ümumiyyətlə, Yaxın və Orta Şərq memarlıq ənənəsinə sadiq qalmaqla öz ulu sənətinin təməl "daşlarını" da bu möhkəm "özul" üzərində düzməyə başlamışdır. Lakin bu, heç də o demək deyil ki, memar öz tikililərində əvvəlki memarlığı təbii olaraq təkrarlamışdır. Xeyr! Əksinə, bu ənənədən çox məharətlə bəhrələnən sənətkar özünün hər bir tikintisində bir yenilik yaratmış, yenilikçi memar kimi Qarabağda özünün memarlıq məktəbini yaratmışdır.
Araşdırmalardan görünür ki, Kərbəlayi Səfixan Qarabaği 1870-ci ildə Ağdama dəvəт olunmuş və burda o, qoşa minarəli yeni bir məscid tikmişdir. Hər iki məscidin müqaisəli təhlili gös¬tərir ki, Bərdədəki İmamzadə məs¬cidinin inşasında memar yeni¬dənqurma xarakterli tikinti işləri aparmışdırsa, Ağ¬dam məscidində artıq o, sərbəst bir memar kimi özünü göstərmişdir.
Ümumi planı kvadrat şəklində götürülmüş bu məscidin inşasında memar əsasən yerli əhəng daşından istifadə etmiş, onun minarələrini isə ənənəvi olaraq bişmiş kərpiclə hörmüşdür. Bərdədəki İmamzadə məscidindən fərqli olaraq Ağdam Cümə məscidinin ağ rəngli baş fasadı, dərin və oxvarı tağbəndlə örtülmüş alaqaranlıq portalı ilə yüngül bir təzad təşkil edir. Buna baxmayaraq, giriş qapısı üzərindəki kitabə elə uzaqdan görünür. Həmin portalın sağ və sol tərəfində iki cərgə ilə düzülmüş pəncərələr də baş fasadın zənginləşməsində müəyyən rol oynayır. Fasad boyu üfüqi iqtiqamətdə çəkilmiş relyefli xətt, habelə şaquli plyastrlar məscidin daxili konstruksiya həlli ilə bir vəhdət təşkil edir. Ağdam Cümə məscidinin portalı ümumi quruluşu ilə Bərdədəki İmamzadə məscidin portalına bənzəyir. Bu, onu göstərir ki, Səfixan əvvəl tikdiyi binaların maraqlı memarlıq və konstruksiya elementlərini bir ənənə şəklində yeni binalarda da tətbiq etmişdir. Lakin göründüyü kimi, bu elementlər bayağı və yersiz yox, məhz, kompozisiyanın tələblərinə uyğun həll olunur. Məsələn, belə konstruksiyanın optimal variantını biz Ağdam Cümə məscidinin daxili konstruktiv həllində də görürük. Yəni, heç bir aldadıcı element tətbiq etmədən sütunlar üzərinə oturdulmuş səlis xətli tağbənd və günbəz formalı örtük konstruksiyası, həmçinin ikinci mərtəbədə quraşdırılmış qadınlar üçün xüsusi eyvanlar bu məscid interyerinin əsas qayəsini təşkil edir. Mütənasib qamətli dörd ədəd səkkizbucaqlı daş sütunun ibadət zalında paralel düzülüşü, onu üç nefə ayırır. İnteryerin əsas elementi kimi baxılan mehrab da xüsusi zövqlə bəzədilmişdir. Mehrabın sadə biçimli bədii həlli Abşeron məscidlərinin mürəkkəb ornamentli mehrablarından kəskin surətdə fərqlənir. Əlbəttə, Ağdam Cümə məscidindəki mehrabın belə sadə və eyni zamanda, maraqlı bədii həllində interyerin sadə konstruktiv formada həll olunmasının böyük rolu var. Bütün bunlardan görünür ki, məscidi tikən Səfixanla onun mehrabındakı bəzək işlərini icra edən həssas qəlbli nəqqaş Məhəmməd Şükuhi Təbrizi arasında sənəti və sənətkarı duymaq qabiliyyəti çox güclü olmuşdur.
Ağdam Cümə məscidinin ümumi kompozisiyasına daxil olan bir cüt minarə də xüsusi zövqlə bəzədilmişdir. Hər iki minarənin kürsülüyü məscidin divarlarında işlədilmiş yerli əhəng daşı ilə inşa olunmuş, kürsülükdən sonrakı hissələri isə çardağına qədər bişmiş kərpiclə hörülmüşdür. Silindrik şəkilli minarə gövdələrinin bu hissəsi relyefə malik olan qurşaqlarla altı hissəyə ayrılır. Qurşaqlararası məsafələrdə xüsusi kərpic düzümü ilə həndəsi ornamentlər quraşdırılmışdır ki, bunlar da mahiyyət etibarilə biri digərini təkrar edir. Lakin minarələrin aşağıdan ikinci ilə üçüncü qurşaqları arasında olan həndəsi ornamentlər, Bərdədəki İmamzadə məscidinin cənub tərəfindəki minarələrin bəzək işlərini yada salır. Dördüncü və beşinci qurşaqlar arasındakı ornamentlər isə həmin məscidin şimal tərəfindəki minarələrin bяdii elementlərinə bənzəyir. Digər qurşaqlar arasında işlənmiş həndəsi ornamentlər isə tamamilə yeni bir səpkidə işlənmişdir. Bütünlükdə isə minarələr sanki Qarabağ xalçasına bürünüb. Minarənin son zirvələri isə digər Qarabağ məscidlərində olduğu kimi ağac materialları ilə yüngül çardaqla tamamlanır.
Ümumiyyətlə, Ağdam Cümə məscidi yerli inşaat materialları ilə ənənəvi milli memarlıq üslubunda tikilmiş abidəsidir. Bir sözlə, bu məscidin simasında biz yerli memarlıq ənənəsi ilə Şərq memarlığının vəhdətini və sağlam bünövrəsini görürük. Bu da onu göstərir ki, Kərbəlayi Səfixan Qarabağda öz memarlıq irsinin təməl daşlarını möhkəm bünövrələr üzərində düzməyə başlamışdır.
Ağdam Cümə məs¬cidini uğurla tamam¬layan memar 1874-cü ildə Şuşaya qayıdır və burda İbrahim xanın qızı Gövhər ağanın vəsaiti hesabına yeni bir məscidin inşasına başlayır. Tarixi mən¬bələrə görə Kərbəlayi Səfixan tikintisinə baş¬la¬dığı həmin məscidin yerində əvvəllər qədim dini binalar olmuşdur. Ümumi ölçüləri 23-64 m. x 22-11 m. olan məscid quruluşuna görə Ağdam Cümə məscidini yada salır. Bu məscidin ibadət zalını dörd ədəd səkkizbucaqlı daş sütun bəzəyir. Sütunlar zalın mərkəzində iki cərgə düzuldüyündən interyeri üç nefə ayırır. Məscidin təbii daşdan qu¬raşdırılmış günbəz və tağbənd örtüklərinin ağırlıqları da dörd ədəd sütun üzərinə düşür. Ağdam məscidində olduğu kimi, Səfixan bu məscidin interyerinin memarlıq həllində aldadıcı və bayağı dekorativ elementlərin işlədilməsindən imtina etmişdir. Sütunların kapiteli üzərindən qalxan tağlar və həmin tağlar üzərinə oturdulan yüngül haşiyəli günbəzlər, o cümlədən tağbəndlərin divar üzərinə əyilən qanad¬larının dayağı kimi baxılan plyastrlar, habelə ikinci mərtəbədə quraşdırılmış qadınlar üçün xüsusi şüşəbənd eyvanlar məscid interyerinin ümumi bədii həllini təşkil etmişdir. Çoxbucaqlı relyef xətlərlə haşiyələnmiş mehrab da interyerə düzülmüş sütun və digər konstruksiyaların memarlıq həlli ilə həmahəngdır. İnteryer üç tərəfdən düzülmüş yastı tağbənd örtüklü pəncərələr vasitəsilə işıq¬landırılır. Bu işıqlanmanı daha gücləndirmək məqsədi ilə həmin pəncərə açırımları bayır tərəfdən xüsusi ölçülərlə məhdudlaşsa da, daxilə doğru getdikcə genişlənir. Xatırladaq ki, Qarabağ binalarının divar qalınlığı 80-100 sm. olanlarının əksəriyyətinin pəncərə açırımları elə bu şəkildə quraşdırılmışdır. Yəni, bu inşaat ənənəsi xalq memarlığında yaranmışdır. Bununla yanaşı xalqın inşaatla bağlı digər ənənələrini mükəmməl öyrənən Səfixan tikdiyi hər bir binanın təyinatını və yerli iqlim şəraitini də həmişə diqqət mərkəzində saxlamışdır. Elə bu baxımdan da o, tikdiyi hər bir binanın pəncərələrini sadəcə olaraq estetika xatirinə düzməmiş məhz, daxili mikroiqlimin lazımi səviyyədə qalmasını da əsas götürmüşdür. Odur ki, Səfixan məscidlərinin interyerləri həmişə qışda isti yayda isə sərin olur.
Aşağı Gövhərağa məscidinin (tikildikdən sonra bu məscid belə adlandı) baş fasadı xüsusi bədii memarlıq həllinə malikdir. Ağdam məscidindən fərqli olaraq memar bu məscidin baş fasadını daha təmtəraqlı işləmişdir. Ağdam cümə məscidin portalı yalnız bir oxvarı tağla məhdudlanmışdırsa, Aşağı Gövhərağa məscidində bu hissə üç tağbəndli geniş eyvanla seçilir. Butün ciddiliyi ilə simmetriyaya tabe edilən tağbəndləri bir cüt səkkizbucaqlı daş sütunlar və kənarlarda yerləşdirilmnş digər iki yarımsütunlar üzərində quraşdırılmışdır. Mərkəzdə quraşdırılmış oxvarı tağbənd yan tərəflərdəkilərə nisbətən hündürdürdü. Yan tərəflərdəki tağbəndlər mərkəzdəkinə nisbətən kiçik olduğundan onların üstündə boş yer qalmışdır. Memar həmin yerdə yüngül relyefli xətlərlə haşiyələnmiş dördbucaqlı həndəsi fiqurlar işləmişdir. Haqqında təsəvvür yaratmaq istədiyimiz eyvanın bu hissəsi hər iki yandan üzəri üfüqi xətlərlə bölünmüş şaquli plyastrlarla məhdudlaşır. Eyni görünüşə malik olan digər iki plyastr isə məscidin ümumi fasadını yanlardan tamamlayır. Doğrudur, bu plyastrlar ümumi görünüşü ilə baş fasada xüsusi yaraşıq gətirir, lakin onlar həm də daxili konstruksiyanın davamı kimi baxılır. Eyvanın sağ və sol tərəflərindəki bir cüt alt-üst pəncərə və onların yan tərəflərindəki taxçalar da ümumi şəkildə həmin plyastrlarla haşiyələnmnşdir. Bu haşiyələrin düzbucaqlı formada olmasına baxmayaraq, pəncərə və taxçaların örtük konstruksiyaları yarımdairə şəkilli tağbəndlə tamamlanmışdır. Buda məscidin ümumi baş fasadının bədii kompozisiyasiyasına xüsusi estetik görüm vüerir. Bir sözlə məscidin fasadındakı hər bir bədii və kostruktiv memarlıq elementləri yerli-yerində işlə¬dilmişdir. Ümumi məscid damı da Şuşanın digər yaşayış binaları kimi dördyamaclı yamaclı dam şəkilində bağlanmışdır. Bu hissənin icrasında Səfixan yerli xalq memarlığı ənənəsindən bolluca istifadə etmişdir.
Əvvəlki məsciddən fərqli olaraq memar Aşağı Gövhərağa məscidinin minarələrini baş fasadın sağ və sol tərəflərində deyil əksinə, arxa fasadın yan tərəflərində ucaltmışdır. Araşdırmalar göstərir ki, minarələr ucaldılan bu yerlər heç də təsadüfi seçilməmişdir. Məsələ orasındadır ki, baş fasadı mədrəsə binası ilə məhdudlaşdığı halda, onun arxa tərəfi geniş bir ticarət meydanına baxır. Ona görə də memar məscidin daha görümlü və cəlbediciliyini nəzərə alaraq minarələri arxa fasadda ucaltmağı qərara almışdır. Minarələrin kürsülüyü təbii əhəng daşı ilə hörülmüşdür. Sonra isə silindrik şəkilli minarə gövdələri öz çardağına qədər bişmiş kərpnclə inşa olunmuşdur. Ağdam və Bərdə məscidlərinin minarə bəzəklərindən fərqli olaraq memar bu minarələrin gövdəsini bütövlükdə "Allah" sözünün təkrar yazısı ilə bəzəmişdir. Bu sözlər minarə gövdəsinə xüsusi kərpiç düzumü ilə çox məharətlə hörülmüş və heyrətedici qarışıq ornament yaradılmışdır. Xatırladaq ki, kərpic düzumü ilə yaradılan belə həndəsi ornamentə hələ çox-çox əvvəllərdə tikilmiş Aran-Qarabağ (Bərdədə 1322-ci ildə tikilmiş türbə üzərində), Naxçıvan-Marağa (Qarabağlar türbəsi XIV, Ərdəbildəki Şeyx Səfi türbəsi XIV) və Orta Asiya memarlıq məktəblərinin dini abidələri üzərində də rast gəlinir. Bu da onu göstərir ki, Kərbəlayi Səfixan bir sənətkar kimi islam memarlığının dərin köklərini bütün incəliklərinə qədər mənimsəmişdir.
Şairlər yazdıqları şerlərinin kimə məxsusluğunu nişan vermək üçün onun son "möhür" bəndində adlarını qeyd etdikləri kimi Səfixan da bütün yaradıcılığı boyu eyni formalı sütunlardan istifadə etməklə öz memarlıq əsərinin yerini nişan verməyə çalışmışdır. Bu cəhətinə görə həmin sütunları memarın öz binaları üzərində qoyduğu imzasını təsdiq edən "daş qələmə" bənzətmək olar.
Məscid və mədrəsə ətrafındakı dükan, bazar, bulaq, yaşayış evləri və digər təyinatlı binalar üzərində aparılmış araşdırmalar və mü¬şa¬hidələr bir daha təsdiq edir ki, həmin tikililər də müxtəlif illərdə Kərbəlayi Səfixan Qa¬ra¬baği tərəfindən inşa edil¬mişdir.
Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri də Yuxarı Gövhərağa məs¬cididir. Kərbəlayi Səfixan həmin məscidi 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təxminən səkkiz il sonra yenə də Gövhərağanın vəsaiti ilə tikmişdir. Tarixi mənbələr üzərində aparılan müqaisəli təhlil onu göstərir ki, zəmanəmizə qədər gəlib çatmış Yuxarı Gövhərağa məscidinin yerində əvvəllər məscid olmuşdur. Bir müddət istifadə olunduqdan sonra o sökülüb yenisi ilə əvəz olunmuşdur. Bu barədə Baharlının "Əhvalati-Qarabağ" əsərində məlumat verilir ki, indiki məscidin yerində hələ Pənah xanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdi. Müəllif bu məscidin ümumi quruluşu haqqında ətraflı məlumat verməsə də, onun bəzi sözləri məscir haqqında müəyyən fikir yarada bilir. O, yazır: "Belə nəql edirlər ki, həmin məscid ki, qarqudan təmir (inşa-R.Q.) etmişdilər, o məscidin iki qapısı var imiş". Burdan belə nəticə çıxır ki, məscid sadə bicimə malik olmuş və onun iki qapısı olubdur. Görünür qapının biri giriş, digəri isə çıxış üçün imiş.
Pənah xanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim xan tərəfindən daşla əvəz edilmişdir. Lakin atasının tikdirdiyi məscidin sadə və minarəsiz olması Gövhərağanı qane etməmişdir. Buna görə də həmin məscidi tamamilə sökdürüb yerində qoşa minarəli yeni bir məscid tikdirmişdir. Sevindirici haldır ki, bu məscidin ümumi görünüşü vaxtilə burda olmuş məşhur rəssam V. V. Vereşşaginin diqqətini cəlb etmiş və o, həmin məscidi son cizgilərinə qədər yüksək sənətkarlıqla təsvir etmişdir. V.V.Vereşşaginin rəsmindən göründüyü kimi məscidin kom¬pozisiya həlli və memarlıq detalları Azərbaycanın XVIII əsrə aid digər tikililəri ilə səsləşir. Mərkəzindəki sivri uclu günbəz, çatma tağbəndli portal və onun yan tərəflərindəki eyni örtüyə malik olan taxçalar və qoşa minarələr bu məscidin ümumi siluetini səciyyələndirir. Məscidin ümumi hündürlük səviyyəsindən başlayaraq yuxarıya doğru getdikcə nazikləşən və sonra sabit silindrik formada son zirvəsindəki yüngül çardaq örtüyünə qədər qalxan hər iki minarənin gövdəsini rombvari həndəsi qurşaqlar bəzəyirdi. Minarə çardaqlarının son zirvəsində quraşdırılmış aypara şəkilli ucluqlar məscid mərkəzindəki günbəzin sonluğu ilə həmahənglik təşkil edirdi. Lakin məlum olduğu kimi, bu məscid də Gövhərağanın göstərişi ilə sökülmüş və yerində yeni məscid tikilmişdir. Dövrümüzə qədər gəlib çatmış həmin məscid Yuxarı Gövhərağa məscidi kimi tanınır. Yuxarıda deyildiyi kimi, bu məscidi Gövhər ağanın vəsaiti ilə 1883-84-cü illərdə inşa etmişdir.
Maraqlıdır ki, V.V.Vereşşagin şəkilini çəkən məscidin sökülmə səbəbləri qeyd etdiyimiz mənbələrdə dolğun göstərilməmişdir. Fikrimizcə, həmin məscidin sökülməsinə səbəb Adiağı Gövhərağa məscidinin közəlliyi olmuşdur. Axı, bu məscid hələ 1875-ci ildə artıq hazır idi. Ona görə də Gövhərağa "Vereşşakin" məscidinin dövrün tələblərinə cavab verməməsini duyaraq və xüsusilə, Aşağı məscid (Aşağı Gövhərağa məscidini bəzən belə adlandırırlar) kimi yeni, közəl bir məscid binası tikdirmək qərarına gəlmişdi. Görünür, həssas qəlbli memar da Gövhərağanın bu istəyini düzgün başa düşmüş, V.V.Vereşşaginin təsvir etdiyindən də gözəl bir məscid binası tikmişdir.
Planı təqribən kvadrat formada olan (21,30 X 26,20 m) bu məscid ümumilikdə, Ağdam və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saxlayır. Həmin məscidlərdə olduğu kimi memar bu məscidin də ibadət zalını iki cərgə səkkizbucaqlı daş sütun düzməklə onu üç nefə ayırmışdır. Sütunlar üzərinə oturdulan oxvarı tağlar və günbəzlər əvvəlki məscidlərin interyer sadəliyini davam etdirir. Mərkəzdə olan bir cüt günbəz ətrafdakılara nisbətən hündürdür. Məscidin yan tərəflərində düzülmüş pəncərələr də öz quruluş etibarilə əvvəlki məscidlərdəki pəncərə formasını saxlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün balkon və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti ideyalarındandır. Lakin bununla yanaşı, Səfixan bu məsciddə də bəzi əlavə konstruksiya və memarlıq elementləri işlətməklə binanı daha əzəmətli və baxımlı inşa etmişdir. Beləki o, bu məscidin ibadət zalına əvvəlki məscidlərindən fərqli olaraq dörd yox, altı ədəd səkkizbucaqlı daş sütun düzmüşdür. Baş fasadı yarıqapalı deyil, üç bərabər ölçüyə və mütənasib proporsiyalara malik yarımdairə formalı tağbəndlə tamamlanan daha geniş eyvan şəklində təmtəraqla işləmişdir. Məscidin bütün baş fasadının hündürlüyünü və enini tutan yarımdairə şəkilli tağbəndlər və bu tağbəndlərə dayaq olan bir cüt səkkizbucaqlı daş sütunlar onu saray tipli yaşayış binasına bənzədir. Məscidinin belə görünüşü əvvəlkilərə nisbətən onu fərqləndirən cəhətlərindən sayılır.
Yuxarı Gövhərağa məscidinin minarə kürsüluyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Lakin, Ağdam Cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. O minarələrdə olduğu kimi burda da gövdələr relyefli qurşaqlarla müxtəlif proporsiyalara ayrılır. Həmin hissələr arasında qalan məsafələr biri digərini əvəz edən "paxlava", "dalğavarı" və s. ornamentlərlə zənginləşdirilmişdir. Xatırladaq ki, buradakı ornamentlər də digər məscidlərin minarələrində olduğu kimi kərpiclərin xüsusi formada düzülüşü ilə icra olunmuşdur. Minarələrin çardaq örtüyü ağac materialından quraşdırılmışdı. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir. Məscidin baş fasadındakı eyvan tağlarının sağ və sol tərəflərində üfüqi xətlərlə bölünmüş bir cüt perpendikulyar plyastrlar binanın daxili konstruksiya həllindən xəbər verməklə yanaşı, həm də bu tərəflərdən yüksələn minarələrin kürsülüyü kimi baxılır. Çal mərmərə bənzər yerli daş materialı ilə inşa olunan Yuxarı Gövhərağa məscidi bir cut alabəzək minarəsi ilə daha əzəmətli və möhtəşəm görünür. Hər bir minarə daxilinə səksən beş ədəd pilləkən vintvarı şəkildə yerləşdirilmişdir ki, bu da onun çardağına çıxmaq üçün imkan yaradır. Buranın işıqlanması üçün on bir ədəd yarıq şəkilli pəncərə qoyulmuşdur. Məscidin baş fasadındakı incə relyefə malik çiçək naxışları ilə haşiyələnmiş kitabələr də xüsusi zövqlə işlənmişdir. Burda az bir yerdə çox sözün yerləşdirilməsi ustanın mahir sənətkarlıq qabiliyyətindən xəbər verir. Xatırladaq ki, nəstəlik xətlə qabarıq şəkildə daşa həkk olunmuş (fars dilindəki həmin kitabələrin tərcüməsi Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi" əsərində və epiqrafçı alim Məşədixanım Nemətovanın "Şuşa şəhərindəki "Cumə məscidinin kitabələri" adlı məqaləsində öz əksini tapmışdır). Kitabələrdə əsasən, Gövhərağanın hər iki məscid və mədrəsədə (burda Aşağı və Yuxarı Gövhərağa məscid və mədrəsələri nəzərdə tutulur) olan vəqfi və bu vəqf əmlakından alınan mədaxilin hansı xeyirxah işlərə sərf olunması barədə verdiyi göstərişlər haqqında söhbət açılır. Bununla əlaqədar olaraq həmin kitabələr də XIX əsrdə Şuşada fəaliyyət göstərmiş müəyyən sənətkar emalatxanalarının, dükan, meydan, bazar və hətta bir çox şəhərətrafı kənd, el-oba adları da göstərilir və onların yerləri nişan verilir. Vəqfnamə mətnindən görünür ki, Qarabağın Cavamşir mahalının onlara məxsus xeyli kənd və torpaqları, ocümlədən Kəbirli, Evoğlu və Şelli kəndlərinə məxsus bir neçə meyvə və üzüm bağları eyni zamanda Daruqəli torpaqlarının bütün gəliri, həmçinin, bir karvansara və on bir dükan həmin camelərə vəqf edilmişdir.
Göründüyü kimi, kitabə mətnlərdəki məlumatlar təkcə məscid gəlirləri toplanan əraziləri göstərməklə deyil, həm də tarixi məlumat baxımından da çox qiymətlidir. Kitabənin məscidin baş fasadında həkk edilməsi onun tez nəzərə çarparaq yaddaşlardan silinməməsinə və burda yazılanlara şərtsiz əməl olunmasına işarədir. Məscidin tikilmə tarixini təsdiq edən möhür kimi qəbul etdiyimiz digər xonçaşəkilli kitabə də qiymətli mənbə kimi sayılır. Bu kitabədə "Qarabağlı memar Kərbəlayi Səfixanın işidir. h.t.1301"(m.t. 1883-84-cu il) sözləri yazılmışdır.
XVIII-XIX yüzillikdə Qarabağın paytaxtı Şuşada ictimai mərkəz kimi bir neçə böyük məscidin (camelər) olması, həmin dövrlərdə Qarabağ xanlığının Azər¬baycanın digər xanlıqları arasında böyük siyasi nüfuza malik olduğunu bir daha təsdiq edir. Doğrudur, bu dövrlərdə Azərbaycan bir çox ictimai-siyasi hadisələrin təsirinə məruz qalsa da onun vahid mədəniyyətindən çıxış edən incəsənət ənənələri müasir dövrümüzə qədər qorunub saxlanmışdır. Dünya sənətsevərlərini heyrətdə qoyan bu saxlancın dəyəri Qarabağın istedadlı memar, xəttat, həkkak, nəqqaş və hətta xalça toxuyan sadə peşə adamlarının qoyub getdikləri abidələr timsalında özünü daha qabarıq şəkildə büruzə verir. Yuxarıda qeyd etdiyimiz bu incəsənət növlərini bütünlüklə öz memarlıq əsərlərində birləşdirən istedadlı sənətkar Kərbəlayi Səfixan Qarabaği də məhz, belələrindəndir.
Kərbəlayi Səfixanın Qarabağinin rəhbərlik etdiyi memarlıq məktəbinin özəlliklərini açıb göstərmək üçün təkcə yuxarıda haqqında bəhs etdiyimiz abidələrlə kifayətlənmək bizcə düz olmazdı. Ona görə də memarın silsilə şəkilli tikdiyi digər məscid, hamam, yaşayış binaları, bulaqlar və s. təyinatlı abidələri haqqıhda da müəlimatın verilməsi əlbətt, bu memarın məktəbi haqqında daha dolğun fikir yaradar.
Belə məscidlərdən biri 1883-cü ildə "Saatlı" məhəlləsində tikilmişdir. Tikildiyi məhəllənin adı ilə məşhurlaşan "Saatlı" məs¬cidi öz xarici görünüşü ilə memarın əvvəlki binalarından tamamilə fərqlənir. Baş fasadın bağlı şəkildə həll olunması, əsas girişi qeyri simmetrik, arxa fasadın pəncərəsizliyi və ümumi məscidin təkminarəli olması onu digər məscidlərdən fərqləndirən cəhətlərdir. Lakin bununla yanaşı, "Saatlı" məscidinin bəzi konstruksiya elementləri əvvəlki məscidlərin memarlıq ənənəsini saxlamışdır. Buna əsasən, məscidin interyerində rast gəlinir. Kvadrat şəkilli ibadət zalının mərkəzində qoyulmuş dörd ədəd səkkizbucaqlı daş sütun, ikinci mərtəbədə həmin zalın mehrabı ilə üzbəüz olan qadınlar üçün quraşdırılmış şüşəbənd balkon və s. elə bu qəbildəndir. Məscid minarəsinin ümumi quruluşu Yuxarı Gövhərağa və Ağdam Cümə məscidinin minarələrini yada salır. O məscidlərin minarələrində olduğu kimi, "Saatlı" məscidinin də minarə kürsülüyü ümumi binanın divar səviyyəsinə kimi yerli əhəng daşı ilə hörülmüş, daha sonra isə hörgü bişmşn kərpiclə əvəz olunmuşdur. Əvvəlkilərdə olduğu kimi bu minarənin də silindrik gövdəsi bir neçə relyefli keçid qurşaq ilə hissələrə ayrılır. Həmin hissələrarası məsafələr yuxarıda adları çəkilən məscid minarələrində işlədilmiş "paxlava" və s. həndəsi ornamentlərlə bəzədilmişdir. Minarənin çardaq hissəsi də əvvəlki məscidlərin minarə çardaqlarının bədin ideyasını saxlayır. Yüngül konstruksiyaya malik olan çardaq bütünlüklə ağac materiallarından quraşdırılmışdır. Çardaq örtüyünün son ucluğunu isə bütün Şuşa məscidlərində olduğu kimi aypara şəkilli fiqur bəzəyir. Həyət tərəfdən girişi olan yeganə minarə Aşağı Gövhərağa məscidində olduğu kimi binanın arxa tərəfində ucaldılmışdır. Görünür ki, minarə məscidin binasından xeyli sonralar tikilmişdir. Məscidin baş fasadları boyunca qapı və pəncərələrinin hündürlüyü səviyyəsində inşa edilmiş yüngül relyefi üfüqi xətt və həmin xəttin üstündəki ümumi girişdə bir şaquli ox üzərində yerləşən pəncərələr xaricdən binanın ikimərtəbəli görünməsinя işarədir. həmin pəncərələr arasındakı daş kitabə məscidin memarı Kərbəlayi Səfixan və onun tikilmə tarixi haqqında qiymətli mənbədir.
"Saatlı" məscidini tikərkən memar yerin relyefini əsas götürməklə həcm və məkan prinsipinə sadiq qalmış və beləliklə, məscidə tək minarə əlavə etməyi üstün tutmuşdur. Onu da xüsusilə qeyd edək ki, bu məsələlərdə sifarişçinin ayırdığı inşaat xərcləri və öz şəxsi istəyi də müəyyən mənada az rol oynamır. Bütün bunlara baxmayaraq, Səfixan öz sənətkarlıq qabiliyyətini "Saatlı" məscidi üzərində lazımi səviyyədə nümayiş etdirmişdir.
Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və xüsusilə, minarəsinin olması ilə ön cərgədə duran "Saatlı" məscidi Kərbəlayi Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Memarın bu bölgədə sonralar tikdiyi məscidlər minarəsiz olmuş və bəzilərinin damında minarə çardağını xatırladan "Güldəstə"lər quraşdırılmışdır. Fikrimizcə, sonrakı məs¬cidlərin minarəsiz inşa olunması onlar üçün ayrılan maliyyə xərclərinin azlığından və ya minarəyə heç ehtiyacı olmadığından irəli gəlmişdir.
X1X əsrdə Şuşanın Çölqala məhəlləsində tikilmiş məscid minarəsizdir, lakin maraqlı kompozisiya və memarlıq həlli ilə digər məhəllə məscidlərindən seçilir. Ötən yüzillikdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyni adlı məscid də yuxarıda haqqında danışdığımız məscidlərin bəzi bədii memarlıq ideyasını saxlayır. Bu məscidin baş fasadı Çölqala məscidinin baş fasadına nisbətən sadə və bağlı şəkildə həll olunub. Doğrudur, bu məscidin də ikinci mərtəbəsində qadınların ibadəti üçün xüsusi zal var. Lakin həmin ibadət zalını işıqlandıran pəncərələr baş fasaddan deyil, yan tərəfdən qoyulmuşdur. Ona görə də bina daxilindəki qadınlar üçün olan ikinci mərtəbə yalnız yan tərəfdən, yaxud da məscidə daxil olandan sonra görünür. Mamayı məscidinin dam örtüyündə də azançı üçün "güldəstə" quraşdırılmışdır.
Ötən əsrdə Şuşanın Culfalar məhəlləsində tikilmiş eyni adlı məscid də Kərbəlayi Səfixanın yaradıcılıq ideyaları əsasında inşa edilmişdir. Doğrudur, səkkizbucaqlı daş sütunlar bu məscidin ibadət zalını bəzəməsə də buranın ikinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulmuş daxili balkon və həmin yerə qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı əvvəlki məscidlərin konstruksiya özəlliyini və memarlıq üsubunu saxlayır. Baş fasadın ümumi giriş qapısı üzərində qoyulmuş pəncərələr qadınlar bölməsini lazımi qədər işıqlandırmağa kifayət edir.
Hacı Yusifli məhəlləsində tikilmiş eyniadlı məscid binası da daxili və xarici konstruksiya həlli baxımından Culfalar məscidinin ideya prinsipini davam etdirir. Hacı Yusifli məscidinin də ümumi girişi qeyri simmetrik həll edilmiş, baş fasad Culfalar məscidində olduğu kimi pəncərələr və qapı açırımından ibarət olmuşdur. Buna baxmayaraq, həmin açırımları örtən aypara şəkilli tağbəndlər və bu tağbəndlərin yuxarısında qoyulmuş bir neçə daş kitabə xüsusi zövqlə işlənmişdir. Culfalar məscidimdə olduğu kimi, Hacı Yusifli məscidinin də ümumi zalında qadınlar üçün ibadət otağı inşa edilmiş və bura daxil olmaq üçün ümumi giriş qapısı yanından ayrıca qapı qoyulmuşdur. Şuşanın yaşayış binalarından yalnız damındakı "güldəstə"lərlə fərqlənən məhəllə məscidlərinə ümumi bir nəzər salanda görürük ki, onların qarşısında kiçik də olsa xüsusi meydanlar vardır. Səfixan onların xarici görünüşünü yaşayış binalarından fərqləndirmək üçün "gül¬dəstə"ləрdən istifadə etdiyi kimi daxili konstruksiya həllin də bir ideyanı bütün məscidlərdə əsas götürmüşdür. O da ibadət zalının mehrabı ilə üzbəüz olan tərəfin ikinci qatında quraşdırılmış qadınlar üçün xüsusi şüşəbənd və balkonlardan ibarətdir. Xatırladaq ki, bu memarlıq ideya onun bütün məscidlərində əsas götürülmüş və Səfixan memarlıq məktəbində bir qırmızı xətт kimi keçir.
Şuşada məhəllə məscidləri qarşısında inşa olunmuş bulaqlar və ansambıl bitkinliyi Ordubad şəhərinin məhəllə meydanlarını yada salır. Ümumiyyətlə bu belə bulaqlar özünəməxsus bədii gözəlliyi ilə şəhərin ümumi estetik görümünə də şərayit yaradır.
XIX əsrdə Şuşada on yeddi hamam və çoxsaylı karvansaraylar (Əbdülsəməd bəyin, Uğurlu bəyin, Qazı Mirzənin, Əli bəy Fuladovun, Rüstəm bəyin, Bəhmən Mirzənin, Məşədiquluxan qızının (iki hamamı), Hacı Rzanın (iki Hamamı), Ağa¬kişinin (iki hamamı), Hacı Əbdürrəhimin, Xeyransanın, Hacı Salehin, Şahbazın (on karvansara) və Hacı Əmiraslan bəyin, Məşədi Hüseyn Mirsəfər oğlunun, Hacı hüseynin, Timçəli Hacı Məhərrəm, Hacı Böyük İsgəndərbəylərin, Ağa Qəhrəman Mir-Səyyaf oğlunun, Abbas bəyin, Məşədi Şükür Mirsiyab oğlunun, Səfər qar¬daşlarının, Cavad ağanın və Gövhər ağanın (karvansarası) fəaliyyər gös¬tərmişdir. Bu ictimai binaların hər birində Memar Kərbəlayi Səfixanın memarlıq üslubu yaşanır. Kərbəlayi Səfixan Qarabağinin "daş qələmi"nin imzaları və ümumiyyətlə, onun işlətdiyi digər özünəməxsus memarlıq elementləri Şuşanın ictimai binaları ilə yanaşı, Xurşud Banu Natəvanın, Gövhər ağanın, Bəhmən Mirzənin, Uğurlu bəyin, Mehmandarovun, Hacı Dadaşın, Hacı Bəşirin imarərlərində və s. saray tipli yaşayış binalarında daha qabarıq şəkildə özünü büruzə verir. Söz yox ki, bu binaların bəzilərinin əsaslı tikintisində, bəzilərinin isə təmir və yenidənqurma işlərində şəxsən memarın özü iştirak etmişdi.
Kərbəlayi Səfixan yaradıcılığının sonrakı dövrlərini izlədikdə görürük ki, onun başçılıq etdiyi inşaatçı qrupu Füzuli (Füzuli şəhərində "Hacı Ələkbər məscidi", "Horadiz cümə məscidi", Qoçəhmədli cümə məscidi, Şükür bəyin imarəti), Tərtər (Azadqaraqoyunlu kəndində cümə məscidi), Ağdam (Abdal-Gülablı kənd hamamı) və s.rayonların kənd və qəsəbələrində də geniş tikinti işləri aparmışdır.
Nəticə etibarı ilə onu qeyd etmək olar ki, XIX əsrdə Avropa memarlıq üslubu- eklektika və stilizatorluq "xəstəliyi" Şirvan-Abşeron memarlığına təsir etdiyi bir zamanda Qarabağ memarlığına cüzi belə təsir edə bilməmişdi. Bu da istedadlı memar Kərbəlayi Səfixan Qarabağinin yaratdığı Qarabağ memarlıq məktəbinin sənət gücü və qüdrəti ilə ölçülür.

Summary
Karbalayi Safikhan's architectural school
Karbalayi Safikhan was one of the talanted architecture from Karabakh region of Azerbaijan. However, his marvelous works of art were spreaded not only in his motherland, but also far from Azerbaijan as in Odessa, Ashgabat and other places. In the article his valuable works, handicrafts, their historical and moral importance are analyzed and presented with several photos by the author.