On yaşın fərəhi
Düz on il öncə - 2004-cü ilin ilk baharında başladıq bu çətin və şərəfli səfərə. «Folklor və etnoqrafiya» jurnalının birinci sayı bayram kimi zühur etdi. Özümüz də, oxucularımız da onun bundan sonrakı hər sayınını milli-mənəvi varlığımıza layiq olması üçün əlimizdən-könlümüzdən gələn hər şeyi eləməyə çalışdıq. Bu ötən on ildə elə bir ciddi maliyyə dəstəyimiz olmayıb. Əsasən abunə hesabına duruş gətirib ayaqda qalmışıq.

 

Amma yolumuzdan dön¬mə¬mişik. İşçi heyətimiz, demək olar ki, təmənnasız çalışıb: Namiq Vəlioğlu mətbəə-çap işlərini sözün həqiqi mənasında fədakarlıqla gerçək¬ləşdirib. Bəlkə də dörd-beş texniki işçinin görməli olduğu poliqrafiya işinin öhdəsindən o, təkbaşına gəlib. İngilisdilli mətnlərin hazırlanması, jurnalın beynəlxalq əlaqələ¬rinin qurulması və nizama salınması kimi məsul vəzifəni Ləman Qasımlı illər bo¬yudur ki, təmənnasız həyata keçirir. Jurnalın işıq üzü görməsinə və beynəl¬xalq aləmə çıxışına ürəkdən dəstək verən «Azərbaycan internəşil» jurnalının baş redaktoru Betti xanım Bleyerə təşəkkürümüz sonsuzdur. Betti xanım illər boyudur ki, Azərbaycan folklorunun əsil dostu kimi bizimlə birlikdə mücadilə aparır O, həm də ən dəyərli müəlliflərdən biridir.
Materialların yazılıb hazır vəziyyətə gətirilməsində Sevinc Hüseynovanın, Yaxşıxanım Haşımovanın, Təranə Vəliyevanın zəhməti böyükdür. İlkin bədii tərtibatı rəssam qardaşımız, istedadlı fırça ustası Vaqif Ucatay hazırlayıb. Bir çox əziyyətlərə mənimlə birgə ailə üzvlərimiz – Yeganə xanım, Şahanə, Səma və Damla da qatlaşıb. Bir sözlə, hamı hər şeyi milli-mənəvi dəyərlərimizə, folklor və etnoqrafiya mədəniyyətimizə məhəbbət və hörmət naminə eləyib. Bu baxımdan on il yol gələ bilmək gücünü toplayan jurnalın indiyəqədərki həyatın¬da xidməti olan hər kəsə ürəkdən minnətdarıq.
Jurnalımıza hörmət, nüfuz və başucalığı gətirən onun müəlliflər heyətidir. Hər sayda təqribən on beşə qədər elm və sənət adamının yazıları çap olunub oxuculara çatdırılır. Ardıcıl yazılar yazan, öz maraqlı, sanballı məqalələri ilə həm jurnalın, həm də oxucuların rəğbətini qazanan yazarlarımıza bir daha «Çox sağ olun!»- deməyi özümüzə borc bilirik. Dəyərli söz-sənət biliciləri saydığımız Qəzənfər Paşayevin, Qəmbər Şəmşiroğlunun, İsmayıl Məmmədlinin, İradə Köçərlinin, Bəhruzər Rüstə-movun, Əli Abbasın, Bilal Alarlının, Qaşdar Əliyevin, Tinatin Məm-mədovanın, Nigar İsayevanın məqalələri həmişə öz yeniliyi, elmi və faktoloji zənginliyi ilə seçilib.
Ötən illərdə bizimlə sıx əlaqələr saxlayan vaxtsız itirdiyimiz folklorçular da olub. Bəhlul Abdullanı, İsrafil Abbaslını, Sədnik Paşa Pirsultanlını, Məhərrəm Cəfərlini sayqıyla yad edirik. Ruhları şad olsun!
Jurnalımızın abunəsi elin ona məhəbbəti hesabına həmişə qaydasında olub. Naxçıvandan, Tovuzdan, Gədəbəydən, Kəlbəcərdən, Laçından, Şama¬xıdan, Hacıqabuldan, Cəlilabaddan, Goranboydan, Bərdədən olan abunə¬çilərimiz öz sevimli jurnalları ilə həmişə bir yerdədirlər. Bu gün onların da bayramıdır.
İstəkli oxucu! On yaşını mübarəkləyən «Folklor və etnoqrafiya» jurnalı milli-mənəvi varlığımızın təbliği və qorunması işini özünə mücadilə həyatı seçən bir nəşrdir. Bu yolda onun ən böyük dayağı və güvənc yeri sənsən. Jurnalımız özünün sabahını da səninlə bir yerdə, bir yolda olmaqda görür. Bizim yolumuz umid və işıq axtarışıdır:
İşığı axtaraq sonsuz gecədə,
Yorğun gözümüzü zülmət boğsa da.
İşığı axtaraq umud içində,
İşığı axtaraq, işıq yoxsa da...
Yolumuz nurlu və uğurlu olsun!

Məhərrəm Qasımlı
Baş redaktor