Tahir Əmiraslanov

(II məqalə)

Allah verilənləri Sizə şəxsən özünüz üçün verməyib. O öz lütflərini Sizin vasitənizlə qullarına paylamaq üçün Sizi seçib. Sizi seçib ki, Sizi özünün verdiklərini paylamağa məmur etsin. Və bu işinizə görə də Sizin özünüz üçün bir az çox pay ayırıb. Amma bəzi məmurlar kimi düşünməyin ki, verilən imkanların hamısını Sizə verib. Əsla yox. Siz hamının payını verin. Payladıqca dalı gələcək. Əgər seçilmiş olmaq istəmirsinizsə keçin hüququ çox olanların sırasına.

 

Allahın verdiklərini payladığınız üçün o lütfkarlıq edib, buna görə Sizə savab da qazandırır. Sizi özünə köməkçi seçir.
Yaxşılığı Siz etmirsiniz, Sizin vasitənizlə bunu edən edir. Siz sadəcə muzdla tutulmuş işçisiniz.
Var, dövlət, hakimiyyət, talant, güc məsuliyyətinizi yalnız artırır.
Siz bunları istəmirsiniz? Onda buyurun hüququ çox olanların siyahısına keçin.
Ya da Diogen kimi hər şeydən imtina edin ki, hər şeyə hüququnuz olsun. Diogenin hüququ o qədər idi ki, yalnız məsuliyyəti qalmış və bir filosof kimi bunu dərk edən İsgəndər Diogenin böyük hüququ olduğunu qəbul edib, qan-tökməklə min bir əziyyətlə fəth elədiyi şahlıqları Diogenə təklif edirdi.
Nizami Gəncəvinin qan içən İsgəndəri "İsgəndərnamə" əsərində peyğəmbərlik səviyyəsinə qaldırması səbəblərindən biri də bu idi. İsgəndərin öz məsuliyyətini dərk etməsi.
Çünki, Diogenlə görüşdən sonra İsgəndərin hər şeyi atıb Diogen olmasına bir addım qalmışdı. Bu addımı İsgəndərnamədə Nizami Gəncəvi atır. Axı gənc dini təlimin banisi Məhəmməd (ə.s) peyğəmbər olmasına və həm də böyük hakimiyyətinə baxmayaraq yarı ac, yarı tox, maddi cəhətdən kasıb yaşayırdı. Digər səbəb isə İsgəndərin də tərinin peyğəmbərimiz kimi ətirli olmasıydı.
Başqa tərəfdən İsgəndər özünü Amonun oğlu hesab edirdi. Bu isə onu xristianların Allahın oğlu kimi qəbul etdikləri İsa peyğəmbərə bənzədirdi.
Amma daha əsas səbəb başqaydı. Çox allahlı və bütlərə sitayiş edən bir ölkədən çıxmış İsgəndər İranı zəbt edəndə bütün atəşpərəstlik məbədlərini dağıdıb yıxır, yerlə yeksan edir. Amma alov, od inancına görə İsgəndərin atası Amonun-Zevsin əsas atributuydu. Əcaba çox allahlı, bütpərəst İsgəndər, atəş məbədlərini niyə dağıdırdı? Məsələ ondadır ki, Nizami bununla deyir ki, Atəşpərəstlik də xaçpərəstllik kimi tək Allahın dinidir. Qatalar da müqəddəs kitablardır. İsgəndər tək Allahlığa xidmət edən, İranı yenidən gücləndirə biləcək bir təkallahlı dinin məbədlərini dağıdır. Yunan dinlərindən fərqli olaraq, bu din də şərabı və donuz ətini qadağan etmişdi. Nizami Gəncəvi İsgəndərnamədə məhz bunu deyir. Deyir ki, İslamdan qabaq da biz kafir deyildik. Tək Allahın dinindəydik. Həm də bu dinin daçıyıcıları da Azəri türkləriydi.
Axı Nizami nağılbaz deyildi ki, şeirlə 5 nağıl yazsın. Özü də niyə məhz 5? 3 yox 7 və s. yox? Niyə məhz xəmsə ənənəsi? Niyə bu 5 nağıl poemanın hər birində Bərdəyə tərif var, digər şəhərlərə yox? Niyə peyğəmbərimizin meracı zamanı məhz sidr ağacından yazılır? Bunlar və başqaları Nizaminin aşkarda gizlətdiyi həqiqətlərdir. Diogenlə İsgəndərin söhbəti isə istinadlardan yalnız biriydi.
Diogen isə öz hüquqlarını özündə saxladı.
Mənəvi məşqlər üçün hər şeydən imtina edib meşələrə, mağaralara çəkilən aqillər kimi. İnsanlar içərisində yaşayan, çox şeylərdən imtina edən asketlər də bu yolun yolçusudurlar. Daha çox hüquqa malik olmaq üçün heç kəsdən maddi heç nə istəməmək, heç nə ummamaq, heç nəyi olmamaq böyük azadlıqdır. Rəvayətə görə dünyanın hələ də ən azad xalqlarından olan, sərhədsiz yaşamağa çalışan qaraçılar əvvəllər hər dəfə köç zamanı quşlara çevrilib isti ölkələrə uçurlarmış.
Bir dəfə qaraçı köçü bir şahlığa enir. Şahın oğlu göydən enmiş qaraçı qızlardan birinə vurulur. Qız da onu sevir. Amma vaxt gəlir qaraçıların yenə köç vaxtı çatır. Şahzadə və qaraçı qızı ağlaya-ağlaya ayrılırlar. Şahzadə qızın xiffətindən xəstələnir. Loğman ürək-dirək verir ki: "Bir müddət sonra yenə gələcəklər".
-Nə olsun Loğman, gəlib yenə gedəcəklər, bu hicranlar məni öldürəcək.
Loğman məsələni Vəzirə açır. Vəzir Şahzadəyə məsləhət verir ki, sevgilisinə hər gələndə yadigar olaraq qiymətli hədiyyələr versin və desin ki, "Bunu itirsən, özündən ayrı qoysan mən dünyada olmayacağam".
Şahzadə qızın boynuna dəyərli ağır bir boyunbağı asıb vəzir deyənləri deyir. İkinci dəfə qızın ayaqlarına gözəl, ağır, dəyərli xalxallar taxıb eyni sözləri deyir. Qız hər dəfə uçmağa çətinlik çəkir. Daha bir dəfə də qıza gözəl qolbaqlar verir. Qız bu ağırlıqdan artıq uça bilmir. Vəzir də xəlvətcə qızın qohum-qardaşına dəyərli hədiyyələr paylayır, daş-qaşı dəbə salır. Qaraçıları zinət əşyaları ilə bəzənməyə, qızıl daş-qaş parıltısını sevməyə, rahat həyata öyrətdilər. Onlar artıq bundan sonra uça bilməyib yerdə qaldılar. Amma azadlıq sevdaları hələ də genlərində qalıb. Amma var-dövlətə, rahatlığa öyrəşiblər, bunlardan keçə bilmirlər ki, uçsunlar.
Özlərinin xoşbəxtliklərini indi qır-qızılda, var-dövlətdə görürlər. Amma azadlıq nisgilləri də mahnılarına tökülür. Elə bilirlər ki var-dövlətdən imtina etsələr, bədbəxt olacaqlar.
Xoşbəxtlik isə daha çox mənəvi kateqoriyalardandır. Bu kateqoriya nəyinsə var olmasından asılı deyil. Rəvayətə görə bir kişi gəlir Nəsrəddinin yanına ki, Nəsrəddin mən çox bədbəxt adamam. Daha yaşamaq istəmirəm. Ümidim tək sənədir. Sən də mənə xoşbəxtlik yolunu göstərməsən, özümü öldürəsiyəm.
Nəsrəddin deyir ki, sakit ol əvvəlcə bir əhvalını danış sonra çarəsini taparıq.
Kişi danışır ki, Nəsrəddin Mən 40 m2-lıq bir otaqda 3 uşaq və uşaqların anası ilə, qayınatam və qayınanamla, qaynımın ailəsi və 2 uşağı ilə bir yerdə qalırıq. Artıq bu hay-küydən, belə həyatdan bezmişəm.
Nəsrəddin soruşur ki, təsərrüfatda nəyin var? Kişi deyir ki, böyük bağım, meyvə ağaclarım var, 2 camışım, 2 inəyim, 15 baş qoyunum, 2 keçim, 30 qazım, 10 ördəyim, 50 toyuğum var. Allah bərəkət versin elə onların hesabına dolanırıq.
Nəsrəddin deyir: - "Kişi mən səni 6 aya dünyanın ən xoşbəxtlərindən edəcəyəm amma bir şərtlə, gərək bu 6 ayı nə desəm eliyəsən, hər əziyyətə, çətinliyə dözəsən".
Kişi deyir dözərəm, onsuz da ölümdən o üzə yol yoxdu. Nəsrəddin deyir ki, gedib otağı iki yerə bölürsən ortadan 1,5 m hündürlükdə çaxçur (çubuqdan hörülmüş arakəsmə, çəpər) çəkirsən. Bu axşam toyuqları çəpərin o üzünə salırsan. Özünüz qalan 20 m2-də yerləşirsiniz.
- Nəsrəddin, bu necə olacaq?
- Kişi, xoşbəxt olmaq istəyirsən?
- İstəyirəm.
- Onda deyiləni elə, çarpayıları üst-üstə qoy. 3 gündən sonra gələrsən.
Kişi 3 gündən sonra gəlir ki, Nəsrəddin toyuqların səsindən, peyinin iyindən qırılırıq.
Nəsrəddin deyir indi qazları içəri sal. Bir həftədən sonra gəl.
Nə isə belə-belə bütün heyvanları saldırır içəri. Kişi sürünə-sürünə gəlir ki, Nəsrəddin heyvanların, quşların səsi, peyin iyi bir yandan, o biri tərəfdən də qohumlar, arvad-uşaq üstümə qalxıb. Nəsrəddin bir neçə gün də dözməyi tapşırır.
6 ay tamamında kişi gəlir ki, Nəsrəddin 6 ay tamam oldu, sabaha sağ qalmaram, bu davam etsə.
Nəsrəddin deyir ki, kişi get evə, heyvanları, quşları çıxar, çaxçuru sök, evi təmizlə, hər şeyi rahatla.
2 gündən sonra kişi qoltuğunda bir toğlu, işıq saça-saça sevincək gəlir ki, Nəsrəddin Allah balanı saxlasın. Elə rahat, elə xoşbəxtik ki, daha kefdəyik, genişlik, sakitlik, gözəllik. Bu qoyunu da sənə pay gətirmişəm. Halal xoşun olsun.
Bu xalq lətifəsindən, xoşbətliyin nəyimiz olub, olmasında deyil, bizim olub olmayanlara münasibətimizdə olduğunu görürük.
Nağıl başlanğıcında niyə həmişə "Biri vardı, biri yoxdu" deyirik. Həmişə haradasa nəsə var olanda, peyda olanda, haradasa nəsə yoxa çıxır. Bu saxlanma qanunudur (kütlənin, enerjinin və s. saxlanma qanunu).
Həmişə hər şey ola bilməz, olsa həyat dayanar.
Digər bir qanun da nisbilik qanunudur. Nisbilik təkcə fizika qanunu deyil, həm də metafizik, mənəvi qanundur. Nədənsə nisbilik qanununun Avropada kəşf edildiyini düşünürük. Əslində hələ Şəbustəri Gülşəni-Raz əsərində XIII əsrin sonu, XIV əsrin əvvəllərində nisbilik qanununu verir. Özü də başqalarından fərqli olaraq, Şəbustəri bu qanunu tam, həm fiziki, həm də mənəvi cəhətdən vəhdətdə verir.

Qədim uca Allah edər bir dəmdə
Əvvəllə sonluğu iki aləmdə
Xəlqü əmr aləmi burda bir oldu
Biri çoxaldısa, biri azaldı
Cücü qanadında yerləşibdir can
Nöqtənin içində çeşmi-asiman
Hanı o aləm ki, peyda deyildir
Bir günü burada sanki bir ildir
O yoxluğu qor ki, eyni varlıqdır
Ucalığa bax, zatən alçaqlıqdır.
Keçmişlə gələcək nə aydır, nə il
İndiki nöqtədən başqa an deyil
Bir-birilə hamı toxum ilə bar
Kafərdən mömindir, mömindən kafər.
Bütün qeyri-surət doğar vəhmindən
Nöqtə dairədir seyr sürətindən.

Nəyinsə varlığı, olub-olmaması nisbilik qanununa tabedir. Məsələ nəyinsə çoxluğunda, azlığında deyil. Sizin istəyinizin, arzunuzun, tamahınızın, beyninizə yerləşdirdiyiniz dəyərlərin miqdarındadır. Sizin beyninizə yerləşdirilən dəyərlərin prizmasından baxmağınız Sizə nəyisə dəyərli ya dəyərsiz edə bilər.
Məsələn xanımlara hər toya yeni paltarda getmək dəyər kimi sırınıb. Guya əvvəlki toya geydiyini bu toya da geysə biabırçılıq olar. Əgər Sizə dəyər verənlər Sizin özünüzə görə deyil, geyiminizə görə dəyər verirlərsə, ya dəyər verənlərinizin düşüncələrini, ya da özünü dəyişin. Təsəvvür edin ki, 10 nəfər savadsız, ağılsız içi boş qız çox gözəl yeni geyimlərdə toya gəlib, 1 savadlı, ağıllı gözəl qız isə sadə, əvvəlki toya geyindiyi paltarda. Bu 10 qız zər-zibada, qızıl, brilliant içindədir. Sadə qız isə heç nəsiz, ya bijuteriya ilə bəzənib gəlib. Bu 10 ağılsız qız ona ağız büzürlər. Ağılsız, savadsız, meşşan qızların verdiyi dəyər bu ağıllı qız üçün maraqlı ola bilərmi?
Bir dəfə Nəsrəddinə deyirlər ki, filankəs səni tərifləyirdi. Nəsrəddin oturub yarım saat fikirləşəndən sonra başlayır ağlamağa, soruşurlar ki niyə ağladın? Cavab verir ki, "Fikirləşib yadıma sala bilmirəm ki, harada nə axmaq hərəkət etmişəm ki, elə bir ağılsız adam məni tərifləyir" (Bu əhvalatı Sokrata da aid edirlər).
Doğrudur, bəzi meşan ailələr ya oğlanlar evlənmək üçün bu 10 nəfərə diqqət yetirəcək. Amma ağıllı qıza belə ailə lazımdırmı? Onu ağıllı, uzaqgörən ailə, ağıllı güclü kişi seçəcək.
"Taylı tayını tapmasa günü ahu-zarla keçər. Taylı tayını tapacaq" deyib atalarımız.
Pottonun "Rus çarı Qafqazda" əsərində belə bir yer var. Rus çarı Qafqaza gələndə bəylər, knyazlar və s. toplaşıb Çarla görüşə gedirlər. Xanımları isə Çariça ilə görüşə gəlir.
Gözləmə zalında hər barmağı üzüklü, boyunları, əllləri, qulaqları qızıl brilliantla yüklənmiş, zər-bafta paltarlarda qafqazlı (azəri, gürcü və s.) xanımlar Çariçanı gözləyir. Birdən Çariça zala enir. Əynində sadə bir çit donla!
Budur gözəllik və böyüklük. Özünü maşınları, paltarları, villaları ilə tanıtdıranlar deyil!?
Digər misal. Təsəvvür edin ki, 5 mərtəbəli bir ofisin rəhbərisiniz. Mərtəbələr, otaqlar hamısı eynidir.
İndi bir eksperiment keçirin. 5-ci ya 1-ci mərtəbəni (fərqi yoxdur) daha cazibədar etmək üçün, yaxşı işləyənləri, mükafatlandırmaq istədiklərinizi həmin mərtəbəyə, cəzalandırılanları isə digərinə yerləşdirin. Tutaq ki, Siz 5-ci (yaxud 1-ci, bunun fərqi yoxdur) mərtəbəni cazibədar etmək istəyirsiniz. Onda cəzalandırılanları 1-ci mərtəbəyə (ya əgər I mərtəbə cazibədar olacaqsa onda cəza alanları 5-ci mərtəbəyə) yerləşdirin. Görün nə baş verəcək. Ofis otaqlarının ölçüləri, proyektləri, mebelləri hamısı eyni olsa da, məvaciblər dəyişməsə də, cazibədar mərtəbədəki ofislər üçün işçilərin arasında mübarizə, yarış başlayacaq. Siz bu "heç nə" ilə onları daha yaxşı işlədib, daha çox qazanacaqsınız. Hər mərtəbə uğrunda mübarizədə işçilər bir-biri ilə hətta düşmənə də çevriləcəklər. Heç nə uğrunda aparılan döyüşlərdən Siz hər şey qazanacaqsınız. İşçilər isə bu heç nəyə nail olanda xoşbəxt olacaqlar.
Xoşbəxtlik isə nisbi anlam deyildir. O mütləq olaraq içinizdə ya var ya yox.
Sadə kasıb bir ailəni təsəvvür edin. Kişi öz qadınına ad gününə sadə bir üzük hədiyyə edir. Xanımın sevincini təsəvvür edin. İndi onları çox varlı, pullu təsəvvür edin. Kişi xanımına brilliant üzük hədiyyə edir. Belə şeylərə öyrəşmiş xanımın sevinci, səadət hissi ilə kasıb xanımın səadət hissini müqayisə edin.
Hansı daha xoşbəxtdir?
Rəhmətlik Raykin deyərdi ki, "Qoy hər şey olsun, amma qoy həmişə nəsə çatışmasın". Çatışmamazlıq bir çox hallarda bizə xoşbəxtlik üçün verilib.
Bir dəfə Nəsrəddin qazı (hakim) işləyəndə yanına iki nəfər gəlir. Biri şikayət edir ki, bu kişi məndən xahiş elədi ki, kömək elə, bu odun şələsini mənim çiynimə qoyaq aparım. Mən də soruşdum ki, əvəzində mənə nə verəcəksən, dedi ki, "Heç nə". İndi mənə verəcəyi heç nəni istəyirəm, vermir. Ya versin, ya da əvəzində cəriməsini versin mənə. Nəsrəddin deyir ki, bu adam haqlıdır. İddiaçıya ya "heç nə" verilməlidir, ya da kompensasiya. Bir az da oradan buradan söhbət edib, birdən iddiaçıya deyir ki, ay oğul oturduğum yer məni bayaqdan incidir, bir əlini sal gör bu döşəyin altında nə var. İddiaçı əlini salıb yoxlayır. Nəsrəddin soruşur ki, nə var? İddiaçı deyir "Heç nə". Nəsrəddin deyir "İndi zəhmət olmasa "heç nə"ni götür ordan get".
Bu lətifənin də içində dərin bir məna yerləşdirib xalqımız. "Heç nənin" tutumu "hər şey"dən çoxdur. Boş qaba, içində heç nə olan qaba nə qədər, hər növ şey doldurmaq olar, bəs dolu qaba? Yalnız "heç nə".
Hər şeyi Allah heç nədən yaratdı. İşığı da, zamanı da, aləmləri də. Deməli hər şey heç nədən törəyirsə, heç nə hər şeydən daha çox olmaqdır.
Yenə də Şəbustəriylə yola çıxaq:

Yoxluq öz zatinda saf olduğundan,
Gizli xəznə zuhurə gəldi ondan.
Yoxluq-ayna, aləm-əks və insan
Gözün əksi kimi şəxs onda pünhan
O yoxluğu qor ki, eyni varlıqdır,
Ucalığa bax, zatən alçaqlıqdır.
Cisimdə var dərinlik, en, uzunluq
Yoxluqdan bəs necə yarandı varlıq
Varlıq zühurunu yoxluqda buldu
Yaxın-uzaq, az-çox buradan oldu.

Qaranlığa görə xoşbəxt olmaq üçün onu içindən işıq yaranan, işıqlı zülmət kimi qəbul etməniz kifayətdir.
Peyğəmbərlərə də vəhlər, ayələr və peyğəmbərlik qaranlıqda (mağaralarda, quyuda) verilir. Əsl şeirlər, dahi fikirlər gecə yazılanlardır. Dilimizdə qarğış kimi qəbul edilən bir alxış var "Səni diri-diri qəbirə qoyum". Əslində bu qnostisizmin ən mükəmməl yollarından biridir. Fövqəl qabiliyyətə malik olmağa aparan yoldur. Somati yolu da mağarada, qaranlıqda gedilir və s.
İndi görək babamız Şəbustəri qaranlıqdan nə yazır:

Bil ki, bu qaranlıq bir nuri-zatdır,
İçdəki qaranlıq abi-həyatdır.
Qaranlıq göz nurun bəzən üstələr
Nəzər etmə, bura yetişməz nəzər
Qaraüzlü mümkündən iki aləm
Allah bilir, ayrılmadı bircə dəm.

Qıratın qanadlarının çıxması üçün, merac atına dönməsi, uça bilməsi üçün 40 günlük zülmət lazım idi. O işıq kimi zülmətdən doğmalıydı ki, işıq sürətini keçə bilsin. Elə onun ən güclü at olması da adından məlumdur. Qır yəni qara, zülmət atı. Dür at isə gündüz, işıq atıdır. Boz at, alapaça sübhün, Qıratla Dür atın arasındakı vaxtın, bir də axşamın, alatoranın, Dür atla Qır atın arasındakı vaxtın atlarıdır. Amma içlərində ən güclüsü Qır at zülmət atıdır. "At-muraddır"- yəni arzudur kimi qəbul etsək, Qır at zülmətin arzusudur. İçində işıq olan işıqlı zülmətin arzusu.
Qaranlığın, zülmətin içindəki işıqdan şeirəbənzər bir şey yazmışdım. Şeir kimi qəbul etmənizi deyil, mənasını qəbul etmənizi istərdim.

Dünyada işığı qaytaran, ağ gözəl inci çoxdur
Amma gözəllikdə nadir qara inciyə çatanı yoxdur
Kosmosda da ağ parlaq ulduzlar ağ incilərə bənzər
Amma çox nadir görünməz qara ulduzlar da kainatı bəzər
O qədər cazibədardır ki, hətta işığın özünü də cəzb edər
Ona görə az görünər, nadirlik nöqtəsində gəzər.

İşığı buraxmaz kənara içində saxlar
İşıqda görsənməz nə qədər baxalar
Qaranlıqda saxlanan işıq timsalıdır
Xəlvəti, nadir gözəllik misalıdır
Qədri-qiyməti çadrada saxlanan gözəl kimidir
Kainatın ən sirli pünhan aləmidir.

Qara Ulduz, perla neqra, qara inci
İçində gizlədib nuru, sevinci
Verərkən dünyaya məna, yaraşıq
Tahiri də cəzb edib, eyləyib aşiq.

Haşiyə.
7 sentyabr 2014-cü il tarixdə Lerikdə tarix-diyarşünaslıq muzeyindəydim. Muzeyin bələdçisi Lerikdən danışanda buradan qədim qəbirlərin, dolmenlərin də tapıldığını söyləyəndə, birdən elə bil yuxudan ayıldım. Azərbaycan ərazisində dolmenlərin olduğunu bilirdim. Amma dəqiq yerini bilmirdim. Bələdçidən dolmenlər haqqında danışmasını xahiş etdim. Əhali bu haqda çox şey bilmirmiş. Hətta bir açıq dolmenin bir daşını kəndə gətirib üzərində ölü yuyurlarmış.
8 sentyabrda Uzunömürlülər festivalı daxilində Plov festivalıydı. Xahiş etdim ki, 9 sentyabrda tezdən məni dolmenin yanına aparsınlar. 9 sentyabrda biz (yəni mən, həyat yoldaşım, Üeptor firmasının nümayəndəsi və onun Sankt-Peterburqlu qonağı) Lerikdə bir villis kirayə edib, bələdçi ilə dolmen olan dağa qalxdıq. 1 saatdan çox torpaq yolla villis zorla dağa qalxdı. Sonrakı yolu piyada qalxmalı olduq. Həmin il Lerik rayonuna yağış yağmamışdı. Bitkilər zorla özlərini yaşatmağa çalışırdılar. İtburnu kolları, alça ağacları və bir də bir qoca balaca boy yamyaşıl ağac vardı. Dolmenə çatdıq. Dolmen yarı dağıdılmış vəziyyətdəydi. Üzərində və ətrafında mediatasiya və ibadət etdik. Bizimlə gələn peterburqlu Elena Smirnova Dolmenin şəkillərini çəkdi. Çəkilən 3 şəklin ikisində yerdən, Dolmendən qalxan şüa, işıq aydın görsənirdi. İnsanlar bu ocaq yerinin qədrini nədənsə hələ bilmirlər. Bu Dolmen olan dağa əhali Div dağı da deyir.
Dolmenlərin bir hissəsi Gəlincikdə, Soçidə və Krımdadır. Dolmenlərin çox hissəsi təpəsi aşağı piramida forması kimi olur. Bizim su daşları kimi. Müdriklər özləri diriykən bu daş qəbirlərə girərdilər. Qəbirin üstü ağır, böyük daş qapaqla bağlanırdı. Əhali 40 gün daşın ətrafında dua oxuyardı. 40 gündən sonra dolmenlər açılanda çox vaxt içində cəsəd olmurdu. Bu şəxsi peyğəmbərlik, özü üçün merac yoluydu. Bəzilərinə görə insan molekullara, atomlara bölünüb kainatda həll olurdu. Dolmenlərin ətrafında radiasiyanın fonu dəyişir. İnsanlar indiyə qədər dolmenlərə müalicə, şəfa və arzularına görə müraciət edirlər. Əslində, Dolmen sözü Dol və mən sözlərindən ibarət olub, dilimizdə mənimlə dol yaxud mənə dol kimi tərcümə edilir.
Dolmenin qaranlığında merac edənlər geri dönmür, insanlara söz gətirmirlər, yəni adi anlayışdakı peyğəmbərlər kimi deyillər. Onlar tək Allahla birləşməyə gedir, sufilər, qnostiklər və s. kimi özləri üçün öz yollarını seçirlər. Su daşından süzülən su həyat mənbəyi olduğu kimi, dolmenlərə girənlər də həyat, su, şəfa verənlər kimi qəbul edilir. Amma bu merac, bu əlaqə də dolmenin içindəki səssiz qaranlıqda baş verir. Bu da yoxa çıxan şaman praktikasıdır.
Ağır su buludlarının içində təkcə su yox, həm də elektrik, ildırım gizlənib. Bu ağır sakit, səssiz, səmirsiz buludların içində gizlənən səsə ildırımlar çaxanda, bu səssiz buludlar toqquşanda qulaq asın. "Səssizlikdən qulaq tutulur" deyəndə şüuraltı olaraq səssizlikdəki səsin qulaq tuta bilən gücünü ifadə etmiş oluruq.
Buludların yağış olub həyat verəcək, işıq saçacaq, nərə çəkəcək gücləri içlərindədir. Bütün güclər mənəvi gücün içində olduğu kimi.
Buludlar ağır olduqlarına baxmayaraq, yüngülün yəni havanın üstündə durublar və üst qurum kimi görünürlər. Mənəviyyat da samballı, ağır olsa da yuxarıda durur, əslində bazis faktordur.
Belə demək olarsa, dünyamız tərsinə qoyulub.
Əslində biz iki ağırın, torpağın və buludun arasında yaşayırıq. Sendviçdə olduğu kimi.
Bəzən ədaləti də həqiqət kimi xoşbəxtliyə aid edirlər. Əslində ədalət də həqiqət kimi çox nisbi anlayışdır.
Bir neçə həqiqət arasında necə ədalətli olmaq olar? Biri əsəbiləşib dalaşanda o birini öldürüb. İndi onu tutub cəza verməlidirlər və bu ədalətli görünür. Amma onun 5 qızı var, arvadı işləmir. Onu tutsalar bu 5 qızın axırı nə olacaq? Ona görə də onu buraxmaq 6 nəfərin həyatını, adını, qeyrətini xilas edəcəyindən daha ədalətllidir. Amma onu tutmasalar insanlar daha çox bir-birini öldürəcək.
İndi onu tutsalar da ədalətsizlik olacaq, buraxsalar da.
Yenə nisbilik.
Elə buna görə də məhkəmə ilahəsi Femidanın gözü bağlıdır. Əlindəki tərəzinin gözlərini belə görmür. Femida heç nəyi görmür.
Tərəzinin bir gözünə 5 kq daş o biri gözünə 100 qr brilliant qoysalar, bu kor qız hər şeydə daşı daha qiymətli biləcək. Korun verdiyi qərar nə olacaq?
Dünya ədalət sistemi, ədliyyə sistemi bu koru öz simvolları seçib onunla fəxr edirlər.
Ona görə də ədalət çox nisbi kateqoriyadır.
Bizdə oğlanla qız alışıb verişiblərsə mütləq evlənməlidirlər və bu ədalətlidir. Bu ədaləti Avropada göstərsək, desək ki, yaxınlıq etdiyiniz üçün evlənməyiniz lazımdır, bizə ya gülər, ya istehza edərlər.
Bu da sosial ədalət.
Bir dəfə Nəsrəddin görür ki, 5 uşaq dalaşır. Soruşur ki, nə olub? Deyirlər ki, Nəsrəddin əmi, 29 qoz toplamışıq bölə bilmirik.
- Necə bölüm? Allah bölgüsü yoxsa Nəsrəddin bölgüsü?
- Əlbəttə Allah bölgüsü.
Nəsrəddin bir uşağa 12 qoz verir, digərinə 8 qoz, o birinə 5 qoz, birinə 4, birinə isə heç nə vermir. Soruşurlar ki, bu necə Allah bölgüsüdür? Deyir ki, baxın birini Allah varlı yaradıb, birini orta, birini birtəhər yaşayan edib, birini kasıb yaradıb, o birinə isə heç nə verməyib.
- Onda Nəsrəddin kimi böl.
Nəsrəddin hər uşağa 5 qoz verib, bu 4-ü də mənim deyir. Amma az qala zəhmət çəkib, ağacdan qoz toplayan uşaqlar qədər də (4 ədəd) özünə qoz götürür. Bir az da ədalətli olub, qozu qırıb hər uşağa əlavə yarım qoz ləpəsi də verə bilərdi.
Bu da ilahi və Nəsrəddin ədaləti.
Mənim sahəmdə (yəni kulinariyada) də qəribəliklər görünür.
İngilislər fransızlara qurbağa yeyənlər (lyaquşatniki), fransızlar da italyanlara makaronnik deyir. Bizimkilər tarakan yeməkdən, çinli süddən iyrənir, ərəblər çəyirtkə, koreyalılar it əti yeyir və s. Biri-birinə ikrahla baxır. Hətta müsəlmanın donuz əti yeyənlərə münasibətini demirəm. Bir süfrəyə otura bilməyənlər bir-birinə ikrahla baxır.
Bu da qida ədaləti.
Belə nəticəyə gəlirik ki, haqlı olun, ədalətli olun demək olmaz.
Mənəvi kateqoriyalardan ən əsası məhəbbətdir. Ruslar deyirlər ki, "Allah məhəbbətdir" (Boq estğ löbovğ). Nizami Gəncəvi
"Mehrabı eşqidir uca göylərin
Eşqsiz ey dünya nədir dəyərin?"- deyəndə bu məhəbbəti, Fizuli sevgini, eşqi Allaha sevgi kimi anladır.
Bəli insanın ilk və son həm də sonsuz məhəbbəti Allahdır. Bu həm də qarşılıqlı məhəbbətdir. Allahı sevəndə biz özümüzü də, Allahın yaratdıqlarını da, təbiəti, ağacları, heyvanları, insanları, suyu, havanı, daşı, torpağı da sevirik. Çünki, sevginin, məhəbbətin mənbəyi uca Allahdır və bizim sevgimiz üçün, bizi sevdiyi üçün hər şeyi gözəl yaradıb.
İnsanlara sevgiylə yanaşmaq, heyvanlara, ağaclara sevgi duymaq insanın içərisini təmizləyir.
Balaca uşağın başını sığallamaq içinizdən gəldiyi kimi bir çiçəyin, körpə ağacın başını, bir ağac budaqlarını sığallamaq istəyi, onları hiss etmək içinizə çox böyük xoşbəxtlik verəcək, Sizi mənən güclü edəcək. İçinizdə yanan işıq Sizi gücləndirəcək.
Sevgi hisslərinizin nəyə, kimə, hansı formada təzahüründən asılı olmayaraq içinizdəki bu hiss Sizi güclü edəcək. Üzünüzə, zahirinizə daimi gülümsərlik, işıq bəxş edəcək, insanlar sizinlə rahatlıq tapacaqlar. Sizinlə onların bəxtləri gətirəcək, qələbələrə, istədiklərinə nail olacaqlar. Bir baxın sevgililər necə şən, oynaq, enerjili, güclü olurlar. Hətta sevənləri qripp də tutmur, isti, soyuq təsir etmir.
Amma ən güclü (fiziki cəhətdən) pəhlivana deyin ki, anası ya kimisə rəhmətə gedib. Görün onda heç güc qalacaqmı? O boyda pəhlivan çökəcək.
Bu daxili gücün daha önəmli olduğunu göstərir.
Sevgi ilə Sizin mərhəmətiniz də bağlı olsa da, mərhəmətli olmaq sevgi qədər vacibdir.
Mərhəmət mənəvi gücün ən əsas atributlarındandır.
Təbiətdə otla qidalanan və ən güclü heyvan fildir. Üzərinə atılan şiri, pələngi sadəcə özündən yavaşca xortumuyla aralayır. Halbuki, öldürə də bilərdi.
Təbiətən iri cüssəli fiziki cəhətdən güclü olanlar həmişə daha sakit olurlar. Onlara öz güclərini göstərməyə əsas yoxdur.
Ümumiyyətlə, əsl güclülər heç vaxt güclərini nümayiş etdirmirlər.
Kimsə gücünü nümayiş etdirirsə, nəsə bir çatışmamazlığı, bir kompleksi var.
Mənəvi gücü əldə etmək üçün qnostiklər, lamalar, kahinlər, dərvişlər, sufilər və s. müxtəlif yollar axtarır, illərlə bununla məşğul olurlar. Bütün bunların da əksəriyyəti şamanlıqla bağlıdır.
Şamanlıq din deyil, Şamanlıq mənəvi bilgilərin, mənəvi gücün insan fiziologiyası, psixologiyası təbiətin biofiziki gücünün və s. bir vəhdətdə istifadəsidir.
Şaman əslində hal əhlidir. O özünü haldan hala salır. Şüurun dəyişkən halına girir. Öz şüuraltına hipotalamusa səyahət edir. Hipotalamusu açır. O oradan qayıdanda haldan hala saldığı, lakin hipotalamusa girə bilməyənlərə oradakı xəbərləri gətirir.
Hipotalamus (bəsirət gözü və s.) Adəmdən bəri insanlığın bütün təcrübəsini özündə saxlayır.
Biz ona qan yaddaşı da deyirik, yenə yazdığım bayatıya bənzər sətirlər yerinə düşər.

Quş uçurdar qanadı
Dəymə yaram qanadı
Neynəsən də silinməz
Qan yaddaşı, qan adı.

Şaman tutaq ki, hansısa xəstəliyi müalicə etmək üçün bu yaddaşa girib onu axtarır. Eynən kompyuterdə, internetlə işlədiyi kimi, xəstəliyin adını yazır. İnsanlıq min illiklər ərzində bu xəstəliklə tutaq ki, 10.000 dəfə üzləşib və 1000 dəfə onu müvəffəqiyyətlə müalicə edib. Şaman həmin müalicələr zamanı istifadə edilən metodların ən yaxşısını, uyğun gələnini çıxarıb xəstəni müalicə edir.
Və yaxud. İndi əvvəlki illərin təcrübəsini, hava axınlarının istiqamətini, küləyin sürətini və s. faktorları nəzərə alaraq yaxın və yüksək dəqiqliklə hava proqnozunu verə bilirik. Allah bunun üçün təbiəti idarə edən qanunauyğunluqlar qoyub, biz də bundan istifadə edirik.
Şaman konkret insanın toplumdakı yerini, mövqeyini bilir. Hipotalamusa girərək, onun əcdadlarının müvafiq situasiyalardakı qərarlarını görür, bu adamın bu cür situasiyalarda hansı addım atacağını müəyyənləşdirir, bu addımın nəticəsini hesablayıb onun gələcəyi barədə dəqiq məlumat verir. Yəni Siz simerenko alması əkmisinizsə bir neçə ildən sonra simerenko alması dərib yeyəcəksinz, əgər eksperimentatorsunuzsa və bişmiş alma sevirsinizsə, ona qızıləhmədi calaq edib qızıləhmədi yeyəcəksiniz. Dostlara pay göndərmək adətiniz varsa onlara da qızıləhmədi payı göndərəcəksiniz.
Öncədən xəbər verməni göstərmək üçün sadə bir misal. Təsəvvür edin ki, təyyarədə uçan bir kəs, qayıqla, çayın axarıyla üzəcək. Dostlarına xəbər verir ki, Siz 2 ay üzəndən sonra çay haçalanacaq. O yerdən sağ axara dönün.
İki aydan sonra çay ayrıcına çatan dostlar sahillərə baxır görürlər ki, sol sahil meşəlik, güllük, çiçəklik, quşlar ötüşür, sağ sahil isə səhradır. Özləri ilə götürdükləri motosikllərlə 5 km məsafədə sağ və sol sahili tədqiq edib eyni şeyləri görür və qərara gəlirlər ki, ya təyyarədəki səhv edib sağ tərəfi deyib, ya özləri səhv eşidiblər. Ya da təyyarə çay axarı ilə yox tərsinə səmtə uçurmuş və onun sağı bizim solumuzdur. Və mənzərəli, bağlı, meşəli tərəfə dönürlər. 10 günlük yoldan sonra birdən-birə gecə vaxtı uçuruma yuvarlanırlar. Amma səhraya tərəf sağa dönsəydilər bir müddət sonra okeana və okean sahili ərazilərə çıxacaqdılar.
Yenə Şəbustəri

Ağıl ilə seçim Adəmə gəldi
Hər şeyin əslini onunla bildi.

Məsələ ondadır ki, Siz doğruya nə qədər çox yaxın gəlsəniz onu o qədər az görəcəksiniz. Uzaqdan bina tam görünsə də, əl vuracaq qədər yaxın olanda qarşınızda bir neçə kərpic görürüsünüz, binanın möhtəşəmliyini isə yox. Binanın içindəki otaqda isə ümumiyyətlə, heç nə görmürük. Biz Allaha o qədər yaxınıq ki, o qədər biz onun içindəyik ki, Allahın möhtəşəmliyini görmürük. Özü də hara getsək həmişə onunlayıq. Amma heç olmazsa liftə girəndə rəqəmlərdən olduğumuz binanın 80 ya 100 mərtəbə olduğunu duya bilərik.
Yalnız merac zamanı zamansızlıqda və məkansızlığa düşəndə onu "görürük". İndi də qanunauyğunluqları dərk etməklə, ətrafı görməklə, duymaqla biz sonsuz möhtəşəmlikdən nə qədərsə " görə bilərik".
Ekstaz anında şaman merac edir.
Bu hala alimlər, şairlər ani olaraq ixtira anında şeir gələndə və s. düşür, bu vəziyyətdən inanılmaz həzz duyurlar. Ümumiyyətlə, Siz həzz duyursunuzsa, həzzin pik nöqtəsində özünüz də bilmədən merac eləmiş olursunuz.
Şamanlıqla islami fəlsəfənin birləşməyi sufizmi, dərvişliyi və s. yaratdı. Məqsəd Allahla birləşməyə can atmaq, buna nail olmaqdı.
Şamanlıq bu gün aktyorluq sənətində də təzahür edir. Aktyor uzun müddətli məşqlərlə başqa adam olur, özünü haldan hala salır. Səhnədə ilahi bir ləzzət duyur və bu anda tamaşaçıları da haldan hala salır. Əsl sənətkar aşıqlar da bunu edir. Dərvişlər də bundan istifadə edirlər.
Haldan-hala düşməyi bəzən hipnozla, kütləvi hipnozla qarışdırırlar.
Bu şeylər biri-birinə yaxınlaşsalar da başqa anlamlardır. Hipnozdan sonra insan nə etdiyini yadına sala bilmir.
Əslində bizim duyduğumuz dünya, bizim duyduğumuz deyil. Məsələn, gözlərimiz bizə verilmiş diapozonda olan dalğaları görə bilir. Yəni bir çərçivədədir, çərçivədən sağa, sola, yuxarı, aşağı, irəli, geri olan daha geniş dalğa spektrlərini görmür. Məsələn, mikroskopun icadıyla biz gördük ki, bizdən daha əvvəl yaranmış varlıqlar dünyası var ki, əslində biz onların dünyasına soxulmuşuq. Teleskopun icadı isə imkan verdi ki, biz mikrokosmla bərabər makrokosmosu da dərk edə bilək. Amma biz hətta bu cihazlarla da əsl dünyanı tam görə bilmirik.
Və yaxud qulaqlarımızdakı səs diapozonu çərçivəsindən kənar səsələri eşitmirik. İndi radioyaya qulaq asdığınız anda qəbuledicini söndürün. Dinlədiyiniz musiqi yoxa çıxdı. Amma bu o demək deyil ki, o musiqi dünyadan da yoxa çıxdı. O sadəcə sizin dünyanızda yox oldu. Biz çox zəif qəbulediciyiz. Kainat rənglərlə, səslərlə, ətirlərlə, təmaslarla doludur. Biz onlardan yalnız kiçik bir hissəsini qəbul edə bildiyimiz üçün bu duyğular diapozonunda dünyanı təsəvvür edirik. Şaman sadəcə bu diapozonu mikroskopsuz, teleskopsuz, radioqəbuledicisiz və s.yalnız öz gücləndirməklə, psixofizioloji reseptorlarını gücləndirməklə genişləndirməyə çalışır. O kainata özünü açır və kainatı özünə açır. Ümumiyyətlə, bütün psixodelik təcrübələr buna yönəlib. Şaman daha çox görür, hiss edir, eşidir, duyur. Bu imkanlar ən mükəmməl bioloji kompyuterə-insana verilib. Axı Allah bizdə, biz isə ondayıq. Şaman bunu bilir, buna inanır.
Şaman kamleniyaya, ekstaza hazırlaşır, təbiətdəki axınlardan (ağacın daxilindəki suyun axını, çayın, bulağın axını, hava axınları və s.) və bu axınların yaratdıqları cərəyanlardan, elektromaqnit dalğalarından, ətrafdakı ətirlərdən, səslərdən, onların yaratdıqları enerji axınlarından, rənglərdən, formalardan və s. istifadə edir.
Bəzilərini özü yaradır. Bubenin ritmik səsi, şaman paltarlarındakı formalar, rənglər, şamanın öz hərəkətləri və s. kimi.
Şaman kamleniya öncəsi qidasında da bəzi psixodelik şeylər qəbul edir. Məsələn zəhərli muxammor göbələyi və digərləri.
Bu psixodelik göbələklər bu zaman narkotik təsir göstərmir, yəni qida adəti yaratmır, ağrı sərhəddini aşağı salmır. Əksinə onlar fizioloji imtina, ürəkbulanması və s. yaradır.
Bütün bunlarla şaman öz psixofizioloji varlığını, ağlını, təbiətlə birləşdirir, daha böyük varlığın yer kürəsinin, kainatın "düşüncəsinin" içinə girir, bir mikrokosmdan makrokosma çevrilir. Və ya makrokosmu öz içinə alır. Böyük kiçiyin içinə girib vəhdət təşkil edir.
Bu vəhdət hansısa gərəkli bilgiləri götürməyə, onu ötürməyə xidmət edir.
Vəhdətləşməyə sərf edilən və fərdiləşməyə geriyə dönməyə sərf edilən enerji çox böyük olur.
Şamanlıq din olmaqdan çox uzaqdır. O yalnız ruh, ilah, tanrı, tanrıça kimi ifadələrdən halları izah etmə kimi, linqvistik tutumlu material kimi istifadə edir.
Məsələn zobu müalicə edəndə Ata quru qurbağanı boğaza zobun üstünə sarımağı tövsiyyə edir. 2-3 gün bunu edəndə Ata qurbağa öz sağlam ruhunu zoba verəcək, zobun xəstə ruhunu alıb özü öləcək.
Doğrudan da hər gün bir erkək quru qurbağanı zobun üzərinə boğaza sarıyanda qurbağa ölür və 2-3 günə zob sağalır. Amma Ata qurbağa deyəndə həm iri, həm erkək qurbağa nəzərdə tutulur. Qurbağanın Ruhu deyəndə əslində onun zoba verdiyi yod, ftor və s. maddələr nəzərdə tutulur. Ruh sözü bu maddələrin cəmini ehtiva edir. Bu bizim anladığımız Ruh sözü mənasında deyil.
Türklərin Şamanlığın yardıcıları olması onların Allahı və onun yaratdığını daha yaxşı dərk etmələrindən, Tanrını içlərində daşıdıqlarını, Tanrının içində olduqlarını dərindən anlamalarından, bunu bildiklərindən irəli gəlib. Ona görə də ilahi ilə birləşməyə can atan, bunu bacaran bütün cərəyanların əvvəlində, başlanğıcında şaman türkü axtarın.
Mənəvi gücün əldə edilməsi yolları müxtəlifdir. Amma məqsəd birdir. Bu gücə sahib olmaq.
Burda açılmalı olan gizlinləri açmağa çalışdım. Daha boşboğazlıq etsəm hələ açılmalı olmayanları da bilmədən açıb xəta edəcəyimdən ehtiyatlanıb söhbətimizi burada saxlayıram.
Allahın iznilə qalanını öz fəhminizlə aça bilərsiniz. Yoxsa Şəbustəri demişkən:

Allah yol açmasa dünyada heç kəs
Məntiqlə heç nəyi o aça bilməz.

"Heç nəyi" açmanıza Allah kömək olsun.
Həm də mən sadəcə yol göstərənəm, yolun öhdəsindən isə yolu gedən gələr. Gəlmək istəyirsinizsə gedin. Getmək istəyirsinizsə gəlin. Seçim Sizindir.

Summary
Fence of Stone and Head
The article has been dedicated to spiritual life and morality of human beings during the activity in their life. The author appeals to Islam culture, sayings and of course gives samples from Koran and folkore motives. Here it is emphasized that duties of persons in their life, how to live honestly and how to fulfill their liabilities in front of Allah. With the interesting and valuable examples and facts the article has been written for each level of personality.