AMEA Nəsimi adına Dilçilik İnstitutu
prof. yıl Məmmədli

Açar sözlər: "Dədə Qorqud kitabı", etnoqrafiya, folklor, dastan, tük folklorşünaslığı.
Key words: "The Book of Dede Gorgud", ethnography, folklore, epos, Turkic folklore study.
Ключевые слова: "Книги Деде Горкута", этнография, фольклор, сказания, турецская фольклористика.

Hər bir dövrün, zamanın özünəməxsus mərasimləri, adətləri, dəbi var. Bu adətlər, mərasimlər formalaşır, nəsildən-nəslə ötürülür və dövranın möhürü, sazağı, qızmarı hopur bu adətlərə, mərasimlərə, bu günümüzə gəlib çatır. Bunlar ona görə mənalıdır, əzizdir, uzunömürlüdür, əbədidir ki, xalqın mənəvi yaddaşını yaşadır, onun xarakterini təqdim efir, mənəvi mədəniyyətini əks etdirir. Bu mənada Azərbaycan xalqının ən möhtəşəm və qədim abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanının dilinin lüğət tərkibinin ana xəttini Azərbaycan türklərinin mənəvi mədəniyyətinin müxtəlif sahələrini, adət-ənənələrini, ailə-məişət mərasimlərini, təqvimi-mövsümi mərasimləri, dini ayinləri, ayrı-ayrı bayramları, mifik görüşləri və s. əks etdirən söz, termin və ifadələr təşkil edir. Bunları araşdırmaq, öyrənmək isə son dərəcə vacib və qiymətlidir. "Kitabi-Dədə Qorqud" dastanı yalnız Azərbaycan şifahi və yazılı ədəbiyyatının qədim nümunəsi deyil, bu abidə mənəvi sərvət, habelə bir çox oğuz türklərinin yaratdığı qədim mədəniyyətin ən zəngin, ən ulu qaynaqlarından biridir.
"Kitabi-Dədə Qorqud" dastanı, xüsusən də Azərbaycan xalqının möhtəşəm bir mədəniyyət abidəsi olduğu üçün o, dilçilər, ədəbiyyatşünaslar, sənətşünaslar, filosof, tarixçi və etnoqraflar və b.-nın maraq və tədqiqat obyekti olmuş, bu mənəvi sərvəti öyrənməyə səy etmişlər. Dastan bu günümüzdə də araşdırılır. Əgər "Kitabi-Dədə Qorqud" dastanı haqqında bu gün hələ də son söz deyilməyib söyləsək, heç kəs bu həqiqəti inkar etməz. Hələ bu sahədə, şübhəsiz ki, cild-cild kitablar yazılacaq, monoqrafiyalar yaradılacaq.
"Kitabi-Dədə Qorqud" dastanı anadilli Azərbaycan ədəbiyyatı tarixində yazıya köçürülmüş ilk böyük şifahi ədəbi-bədii abidədir. Dastandakı boylarda qəhrəmanlıq, qadına hörmət, vətən-yurd sevgisi hissi təbliğ olunur. Qəhrəmanlıq, bahadırlıq ruhu abidənin əsas qayəsini, ideyasını təşkil edir. "Kitabi-Dədə Qorqud" dastanında igidlər yalnız öz şücaəti, yenilməzliyi ilə ad-san qazanırlar. Qəhrəmanlıq göstərməyənlərə ad belə verilmir. Burada qədim türklərə məxsus adqoyma ənənəsi vardır.
Dilçilik araşdırmaları aparılarkən leksikologiya sahəsi adətən ilk növbədə öyrənilir. Bu dastan barədə də bunları demək olar. Dastanın rəngarəng, zəngin lüğət tərkibi vardır. Onun leksik tərkibi, əsasən, türk leksik layıdır, alınma sözlər demək olar ki, yox dərəcəsindədir. Bunu araşdırıcıların da əksəriyyəti göstərmişdir. Buradakı leksikanın əsas qismi oğuz türklərinin – qədim Azərbaycan türklərinin dünyagörüşünü, məişətini, maddi və mənəvi dünyasını, adət-ənənələrini, məşğuliyyət, peşə və sənətlərini əks etdirən sözlərdən, dövrü səciyyələndirən hərbi söz və terminlərdən ibarətdir. Buradakı etnoqrafik leksika yemək, geyim adlarını, ayrı-ayrı mərasimlərin, dini anlayışların adlarını, o dövrkü adət-ənənələrimizi əks etdirən sözləri əhatə edir. Dastanın dili olduqca aydın və anlaşıqlıdır. Onda rast gəldiyimiz sözlər və frazeoloji ifadələr Azərbaycan – türkmənşəli sözlərdir. Məhz bu səbəbdən də bəzən dastanın dilini başqa xalqlara mənsub olan araşdırıcıların çox qismi heç də həmişə düzgün anlaya bilməmiş, bir çox söz və deyimləri yanlış yozmuşlar. "Kitabi-Dədə Qorqud"un ən yorulmaz və görkəmli, aparıcı araşdırıcısı mərhum akademik Həmid Araslı da vaxtilə bu xüsusda belə yazmışdır: "...Əsər (dastan – İ.M) sırf Azərbaycan dilində yazıldığı üçün bir çox tədqiqatçılar bu əsərin mətnini doğru oxuya bilməmişlər. Prof. Niyoldeke əsərin çox yerini oxuya bilmədiyi kimi, akademik Bartold da özünün etiraf etdiyi kimi, bir çox ifadə və kəlmələrin mənasını başa düşə bilməmişdir. Müəllim Rifət isə hər bir azərbaycanlının bildiyi bəzi kəlmələri belə yanlış hesab edir, "mənası anlaşılmadı"- deyə göstərmişdir.* (Həmid Araslı. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, "Gənclik", 1998, s.21)
Dastanda etnoqrafik leksikaya aid olan yemək, geyim, silah, ev-məişət əşyalarının adlarını, bəzi peşə-sənət sahələrinə aid məfhumları bildirən sözlərə, birləşmələrə bol-bol rast gəlmək olar.
"Kitabi-Dədə Qorqud"un dilində bir çox yemək adları işlənmişdir. Məsələn, yəxni, aş, bazlamac.
"Yəxni" sözünün "Kitabi-Dədə Qorqud" dastanında qovurma mənasında işlənməsinə təsadüf olunur: kəsə-kəsə yeməkə yəxni yaxşı (səh. 96); oğulluları ağ otağa, qızlıyu qızıl otağa, oğlı-qızı olmayanı qara otağa qondurun, qara keçə altına döşən, qara qoyun yəxnisindən önünə gətürin, yersə-yesün, yeməzsə, tursun-getsün... (c. 35). Naxçıvan şivələrində "yəxni" sözü "soyutma ət" xörəyi mənasında bu gün də işlənir.
Dastanda bu günümüz üçün arxaizm qəlibində olan"şülən" sözü daha çox qədim bir adət və mərasimlə bağlı olan və bütün xalqa verilən ümumi ziyafət mənasında işlənmişdir.
"Kitabi-Dədə Qorqud" dastanında işlənən yemək adlarından biri də "aş" sözüdür. Dastanda "aş" sözü ümumiyyətlə, "yemək, xörək" mənasını verir:Umanına-usanına aş yedirdim (KDQ, s. 73). "Kitabi-Dədə Qorqud" dastanında "bazlamac" sözünə "sac üstdə fətir" mənasında rast gəlirik: gəldin ol kim soldıran soydur, sapadanca yerindən uru turar, əlin-yüzün yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər toyınca tıqa-basa yeyər, əlin bögrinə urar, aydır. (s. 33).
"Kitabi-Dədə Qorqud" boylarında "şişlig" sözü də gen-bol işlənir. "Ağayıldan tümən qoyun vergil – Bu oğlana şişlik olsun, ördəmlidir (s. 36).
Ağayıldan tümən qoyun sənin, gedər,
Mənim də içində şişligim var,
Qomağım yoq qırq namərdə! (s. 41)
Burada "şişlig" sözü bu gün işlətdiyimiz "kabab" yemək adını əvəz etmişdir. Tarixi inkişaf nəticəsində şişlik türk- Azərbaycan mənşəli söz yerini "kabab" fars məbşəli sözə güzəşt etmişdir. Rus tədqiqatçısı V.V. Poxlyobkin isə tarixi faktlara, məxəzlərə əsaslanmadan belə söyləyir: "Şaşlıq" sözündə (o, başqa xörək adlarından da bəhs etmişdir – İ.M.) isə məsələ başqa cürdür. Bu xörək Rusiyada və bütün dünyada səciyyəvi Qafqaz xörəyi hesab olunur. Ümumiyyətlə, bu, bir çox maldar xalqlara, o cümlədən də dağlılara daha çox tanışdır. Şaşlıq sözünün adına gəlincə, baxmayaraq ki, o heç bir şübhə yeri olmayan türk mənşəlidir, Qafqazda, hətta türkdilli Azərbaycanda (belə çıxır ki, türkdilli olmayan Azərbaycan da var – İ.M.) öz dillərinin lüğət ehtiyatından çıxış edib onu izah edə bilməz".* (V.V. Poxlyobkin Naçionalnıe kuxni naşıx narodov. M.Leqka i pişeva promışlennost. 1983, s. 118)
Azərbaycan dilinin lüğət tərkibində ən qədim vahidlərdən olan geyim adlarına da "KDQ" boylarında tez-tez rast gəlirik: kəpənək (yapıncı), çəpkən,börk, don, kaftan (qaptan), kürk, ədük, külah və s. "KDQ" boylarında milli türk sözlərilə yanaşı külah (baş geyimi) fars alınmasına da təsadüf edirik:
Altmış ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı erkəc dərisindən külah etsə, qulaqlarını örtmiyən, qolı-budı xırancə , uzun baldırları incə, Qazan bəgün tayısı – At ağızlu Aruz qoca çapar yetdi (c. 49-50).
Möhtəşəm mənəvi abidəmiz "Kitabi-Dədə Qorqud"da toy mərasiminə, habelə müxtəlif milli adət-ənənlərimizə də aid qiymətli sətirlər çoxdur. Dastanda elçilik "kiçik düyün", toy "ulu düyün", "ağır düyün" adlandırılır. Bu gün el arasında işlənən "beşikkərtmə", "beşikkəsmə", nişanlı ifadəsi "Kitabi-Dədə Qorqud" boylarında öz əksini tapmışdır: "Baybican bəg aydır: "Bəglər, allah-təala mana bir qız verəcək olursa, siz tanıq alın: Mənim qızı Bayborə bəg oğlına beşikkərtmə yavuqlu olsun.- dedi" (Kitabi-Dədə Qorqud. Bakı, 1988, s. 52)
"Dügün" sözünün ədəbi dilimizin tarixində işlənmə mənzərəsini, müddətini öyrənmək baxımındam aşağıdakı mülahizə də razılıq doğurur: "dügün – ziyafət, böyük qonaqlıq. Bu söz XX yüzilliyin əvvəllərinə qədər toy sözü ilə çox tez-tez sinonim kimi paralel şəkildə işlənmişdir, indi isə bir sıra dialekt və şivələrdə təsadüf olunur. Ehtimal ki, toy feil əsasına aiddir. bunun fonetik inkişafını belə təqdim etmək olar: toy- toyun- tuyun, tüyün- düyün- dügün (V.İ. Aslanov. İstoriçeska leksikoloqi azerbadjanskoqo yazıka. Dok. Disş, Baku, 1973, s. XIX).
Milli adət-ənənələrimizdən olan toy mərasimindəki başlıq- toy xərci istəmə adəti də qədim tarixə malikdir. Bu adət "Kitabi-Dədə Qorqud" boylarında da təsvir edilmişdir. Banıçiçəyin qardaşı Dəli Qarçar başlıq kimi aşağıdakıları istəyir: "Dəli Qarçar aydır: "Bin buğra gətürün kim, maya görməmiş ola. Bin dəxi ayğır gətirün kim, heç qısrağa aşmamış ola. Bin dəxi qoyun görməmiş qoç gətirün. bin dəxi bürə gətirün mana"- dedi" (c. 56).
"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan türklərinin qədim məişətini dolğun əks etdirən əvəzsiz abidədir. dastanın boylarında bir çox məişət əşyalarının və ev avadanlıqlarının adlarına da rast gəlmək olar: Aya (sapandın daş qoyulan yeri), ayaq (qədəh, piyalə), badya, ban ev (hündür çadır), buqağu-buxov, qaytaban (dəvələrin saxlandığı yer), dolama beşik (nənni), süylük (şiş, kabab şişi), tənəf (çadır ipi), çəlbir (qantarğa) (Gətirdiyimiz məişət əşyalarının adlarını akad. H.Araslının 1962-ci ildə nəşr etdirdiyi "KDQ" dastanından seçmişik). "Kitabi-Dədə Qorqud" dastanının lüğətində məişət leksikasının, etnoqrafik sözlərin, xalqımızın mənəvi və maddi varlığı ilə əlaqədar söz və deyimlərin bolluğu diqqəti çəkir: Əlbəttə, bütün bunları aşkarlamaq üçün əsaslı, ciddi araşdırmalar zəruridir. Yazımızı belə bir nikbin sonluqla bitririk.
"KDQ" boylarında işlənmiş etnoqrafizmlərin milliliyi, ümumişləkliyi, habelə xalqımızın məişətini, həyat tərzini, məşğuliyyətini və nəhayət, özgünlüyünü ifadə etməsi həmin tematik qrupların söz və termin yaradıcılığında da aparıcı rol oynamasına və müxtəlif amillər, əlaqə və münasibətlər nəticəsində bir çox başqa dillərə də keçməsinə (əvvəlcə ekzotik sözlər, sonradan isə alınmalar kimi) səbəb olmuşdur.
Xülasə
"Kitabi-Dədə Qorqud" dastanının lüğət tərkibində
maddi-mənəvi leksika
"Dədə Qorqud Kitabi" ümumtürk şifahi ədəbiyyatının ən qədim abidələrindən biridir. Dastan strukturuna uyğun olaraq əsər nəzm və nəsrin sintezindən ibarətdir. Boyların poetik parçalarında xüsusilə bədii təsvir, ifadə vasitələri, rəngarəng etnoqrafik termin və ifadələr diqqəti cəlb edir. Məruzədə "Dədə Qorqud Kitabı" boylarındakı lüğəvi vahidlər tədqiq edilərək sözlərin leksik-semantik məna çalarları, adət-ənənə adlarımız araşdırılmışdır.
Summary
Material-spiritual Lexicology in the Vocabulary of
"The Book of Dada Gorgud"
"The Book of Dada Gorgud" is one of the most ancient monuments in Turkic oral literature. According to the epos structure it consists of versification and prose. In the poetical parts illustrated art, expression, colorful ethnographic terms and phrases attracks the attention. In the lecture lexicological units used in the parts of "The Book of Dada Gorgud" are investigated and lexical-semantic meanings, traditional names are analyzed.

Р Е З Ю М Е
Место материально-духовной лексики в словарном
составе эпоса «Книги Деде Коркута»
«Книга Деде Коркута» один из самых древних памятников общетюркской устной литературы. Дастан по своей структуре состоит из синтеза поэзии и прозы. В этом произведении особое внимание привлекают средства художественной изобразительности, а также этнографические термины и выражения. В докладе к исследованию привлечены лексические единицы из сказаний эпоса, анализированы лексико-семантические оттенки слов и названий традиционно-обрядовых церемоний.

Ədəbiyyat:
Araslı Həmid. Azərbaycan ədəbiyyatı: tarix və problemləri. Bakı, Gənclik, 1998
Kitabi-Dədə Qorqud (tərtibçiləri F.Zeynalov və S.Əlizadə) Bakı, 1988
В.В. Похлебкин. Национальные кухни наших народов. М., 1983
Асланов В.И. Историцеская лексикология азербайджанского языка. Док. дисс. Баку, 1973