Məhərrəm Qasımlı
Dövlət Mükafatı Laureatı

(VII yazı)


Qurban bayramının əsas fəlsəfəsi Tanrının insanın qurban kəsilməsinə etiraz əlaməti olaraq insan qurbanının (Həzrəti İsmayılın) əvəzinə qoç qurbanı təklif etməsidir. O vaxta qədər bəşər tarixində insanın da qurban kəsilməsi məqbul sayılırdı. Bu baxımdan öz oğlunu Tanrıya qurban kəsmək istəyən İbrahim peygəmbərə ilahi dərgahdan qoç qurbanı göndərilməsi bütövlükdə bəşər tarixindəki ən böyük hadisələrdən biridir. Nə qədər mifoloji-əfsanəvi boyalar içərisində görünsə də, bu hadisə insanlıq tarixinə yeni bir mərhələ kimi daxil olur. Həmin əfsanəvi hadisənin simasında insan qurbanı məsələsi məhz ulu dərgah sahibi tərəfindən qəbul edilmir və yasaqlanır. Bu mənada Qurban bayramı həm ulu Tanrının, həm də onun bəndəsinin - insan oğlunun birgə bayramıdır. Çoxları bu bayramı bir «ət bayramı» kimi başa düşür. Ancaq əslində Qurban bayramı bir ibadət bayramıdır. Bayramın fəlsəfəsindəki gözəllik də burada, bu məqamdadır!

***
İllərlə gedib-gəldiyi aran-yaylaq yollarına doğması-yaxını kimi baxan Göyüşoğlu Murğuz səfərə çıxanda qədəm qoyduğu yola «salam» verər, mənzilə çatanda «di, salamat qal» - deyərdi. Qalxdığı yoxuşun, endiyi enişin, döndüyü döngənin halını-əhvalını soruşan bu nurlu kişi yarızarafat-yarıciddi deyərdi ki, bala, yolun dilini bilməyən, yolboyu yolnan söhbət eləməyi bacarmayan adam əsil yolçu deyil, elə belə gəlib yoldan keçəndir.
***
....Təpəni qaldırıb dağın başına qoymuşdular, dağın sinəsinə çəkilən dağ onun özündən də, başının üstünə qaldırılmış təpədən də çox böyük idi.
***
Cavabsız suallar o qədər çoxdur ki, bir çox sualları özümə verəndə onların cavabı barədə heç düşünmürəm də...
***
Ən asan aldatdığım və ən gec ovuda bildiyim öz ürəyimdi.
***
Ənənə - yaşayan yaşanmışlardır.
***
... İstiqlal mübarizəsi apararaq müstəqillik yoluna çıxmaq istəyən, eləcə də bu yolda ilk addımlarını atan bütün xalqların öz folklor mədəniyyətinə həssas münasibəti qaçılmazdır. Çünki folklor soykökə qayıdışı, tarixi yaddaşın bərpasını, milli kimlik düşüncəsini hərəkətləndirən ən güclü enerji mənbəyidir, daha dəqiqi, seysmik təkan mərkəzidir.
***
Nəticəsi eyni olan iki fərqli itki: birisi ağlını itirəndən sonra hər şeyini itirdi, o birisi də hər şeyini itirəndən sonra ağlını itirdi.
***
...Yuxuda gördüm ki, orta əsrlərdə Vətənin şairi Vətənin şəhidinin başdaşına söykənib yazdığı mədhiyyəyə əvəz olaraq məmləkət padşahından hər cür dəm-dəsgahı yerində olan bir mülk istəyir. Padşahı deyə bilmərəm, ancaq şairin çöhrəsi mənə çox tanış gəlirdi...
***
Ömrü boyu həsrətini çəkdiyi dəli bir sevgi ilə üzbəüz idi. Di gəl, yaşadığı uğursuz və məşəqqətli ailə dramı bu məsum xanımı elə bir tərəddüd burulğanına sürükləmişdi ki, qəddini dikəldib qapşısındakı sehrli ilğımda qərq olmağa cürəti çatmırdı.
***
Mənim uşaqlığımda Tovuzda hamının ehtiram göstərdiyi nurlu bir el ağsaqqalı varıydı: Seyid Miri baba. Sınanmış bir ocaq sahibiydi. Bizə qohumluğu da çatırdı. Tez-tez atamın qonağı olar, hikmətli söhbətlər eləyərdi. Onun orucluqla bağlı çox dərin düşüncələrinin və tövsiyələrinin şahidiyəm.
Seyid Miri baba deyərdi: «Orucluq təkcə yeyib-içməklə bağlı deyil. Əsil möminin ağzı ilə bərabər əli, dili, gözü, əməli də oruc olmalıdır. Dilin yalan danışmamalı və küfr söyləməməli, əlin-əməlin düz olmalı, gözün səni harama, nəfsin qulu olmağa çəkməməlidir».
Ramazan ayı bitəndə rəhmətlik orasını ayrıca vurğulayardı ki, orucluğun yemək imtahanı bir ayıydı; o da bitdi. Ancaq əl-əməl orucu, dil orucu, göz orucu ömürlükdü...
***
....Keçmişdə mənasız qəzetlərin və dəyərsiz kitabların ən azından tum satmaq, ya da yumurta bükmək işinə faydası dəyirdi. İndi heç o işə də yaramırlar.
***
....Quşlarının göyü, ağaclarının yeri daralan vətən...
***
....Beyin-qan dovranının kəskin pozulması nəticəsində bir ilə yaxın hərəkətlərim xeyli dərəcədə məhdudlaşdı. İsti yay günlərindən birində həyətimizdəki ağacların altında taxta oturacaqda əyləşib özümə gəlməyə çalışırdım. Birdən gördüm ki, məndən bir az aralıda əlli yaşlarındakı axsaq kişi qan-tər içində zeytun ağaclarını darayır və hərdən nəfəs dərib yanındakı şüşədən su içə-içə gileylənir:
- Bu nə gün-saatdı, mən düşmüşəm?! Tökdüyüm tər içdiyim sudan çoxdu.
Arada gözucu mənə tərəf baxıb yenə deyinməyinə davam edir:
- Camaat istirahətində, dincəlişində, mən də qan-tər içində kol-kosda eşələnməkdə...
Mənim nəzərimdə deyinə-deyinə iş görən bu axsaq adam əslində dünyanın bəxtəvəriydi. Ancaq o mənim halıma düşmədən öz xoşbəxtliyini heç vaxt anlaya bilməzdi...
***
Həmişə bütün gücüylə özündən qaçmağa çalışırdı, ancaq hara gedirdisə, yenə qabağına özü çıxırdı.
***
....Əndrəbadi sözlərdən qurduğu dolaşıq cümlələrlə nə söylədiyini heç özü də düz-əməlli başa düşmürdü, ətrafındakı yelbeyinlər isə onun dərin mətləblərdən danışdığına avamcasına inanırdılar.
***
...Qarşılıqlı aldatma örnəyi: rəhbərlik özünü elə göstərirdi ki, guya işçilərə maaş verir. İşçilər də özlərini elə göstərirdilər ki, guya işləyirlər.
***
...Nazim Hikmət poeziyasını çox sevirəm. Bədii yaradıcılığıma təsiri olduğunu da bilirəm. Onun kommunsit əhvallı devrimçi-inqilabçı çağırışlarından isə çox ürpənirəm. Görün, Dədə Qorqud yadigarı ozan-aşıq sazına Nazim yoldaş nə deyir:
Ey axmaq,
sənə üç telində
üç sısqa bülbül oxuyan
üçtelli saz yaramaz!
... Üç telli saz
dağlarda-dalğalarda
kütlələri irəli aparmaz!...
Yox, bu şair Nazim Hikmətin sözləri deyil. Kommunizm xülyasına qapılmış gənc və təcrübəsiz Nazim yoldaşın utancverici çığır-bağırıdır. Bu günlərdə sağ olsaydı, yəqin ki, üçtelli sazdan üzr diləyən bir şeir də yazırdı, məncə. Nə yazıq ki, belə yanlışları da var böyük ustadın. Nə yazıq ki...
***
Mən uşaq olanda köhnə kişilərin qəribə şairanə yemək fəlsəfəsi var idi. Deyərdilər:
Obaşdanı hürküt,
Öynəni bərkit,
Axşamı tərgit...
İndi bu sözləri də, bu sözlərə bağlı öyüdləri də unutmuşuq. Əvəzində min bir mərəzin ətəyindən tutmuşuq.
***
Qorxaq adamlar daha qəddar və amansız olurlar.
***
Lalələrə bürünmüş göylü-yaşıllı buğda zəmisi Vətən bayrağı kimi dalğalanırdı.
***
Vətənin ikiyə bölünməsində zərrəcə günah sahibi olmayan biçarə Araz çayı iki yüz ildən də çoxdur ki, öz günahsızlığını sübuta yetirib bəraət almağı bacarmır. Bu işdə əsas ittihamçı rolunda çıxış edən şair və yazıçılar elə gözəl bədii uydurmalar ortaya qoyurlar ki, Araz çayının suyu heç cür durulub təmizə çıxa bilmir.
***
....Qırat tapılsa da, Koroğlu tapılmır.
***
...Bağışla, Vətən, sənin iztirablarından söz açan kədərli şeirlərimi nadanlar qarşısında oxuyub ağrılarını bir az da artırmaq istəmədim.
***
....Lənkəranda bir el ağsaqqalı insan oğlunun xislətində yer alan mənəvi eybəcərliyin şeytanı belə heyrətləndirməsinə aid elə bir məsəl çəkdi ki, quruyub qaldım. Deyir, bir əməli azmış insan oğlunnan lənətə gəlmiş şeytan yolda rastlaşıb söhbət eləyirmişlər. Şeytan görür ki, bu, özünün bəd əməllərindən nə qədər döşünə döyüb danışsa da, bəni-insanın heç tükü də tərpənmir. Elə bu vaxt onların yanından üstündə yaşlı adam əyləşmiş bir eşşək keçir. İnsan oğlu şeytana deyir:
- Bax, üstündə yaşlı adam əyləşmiş o eşşəyə neyləyə bilərsən ki, şeytan əməlinə hamı mat qalsın.
Şeytan özündən razı halda:
- Bir at milçəyinə dönüb eşşəyin quyruğunun altına girərəm, eşşək də dözməyib elə soncuqlayar ki, yaşlı adam üstündən yıxılıb dərə aşağı yumarlanar, - cavabını verir.
İnsan oğlu gülüb şeytanın əməlinin bəsitliyinə ağız büzür. Bu dəfə şeytan insan oğlundan soruşur:
- Yaxşı, mənim əməlim səni qane eləmədi. De görək, bəs sən nə əməl eləyə bilərsən ki, şeytan əməlindən ötə ola.
İnsan oğlu əyilib nə əməl eləyə biləcəyini şeytanın qulağına pıçıldayır. Şeytan gözləri bərəlmiş halda geri çəkilir:
- Yox, yox, sən nə danışdığındı, bu boyda allahsızlıq eləmək olmaz!...
***
Bir ov hərisi «qırqovul» sözünü «qır qovur» şəklində tələffüz edirdi.
***
...Orta məktəbdə dərin hörmət bəslədiyim kimya müəllimim varıydı: rəhmətlik Şəmşəd müəllim. O, doymuş və doymamış məhlullardan dərs keçəndə doymamış məhlulu əsas götürüb ona rəğbətini bildirərdi:
- Doymamış məhlul həyat deməkdir, yaşayış deməkdir. Dirilik boyaboy doymamışlıq üstündədir. Doymuş məhlul isə susmuş, sönmüş, ölü məhluldur. Allah heç kəsi doymuş məhlul halına gətirməsin...
İndi mən düşünürəm ki, sən demə, elə sözün də doymuşu və doymamışı olur. Gərək nə sən sözdən doyasan, nə də söz səndən doya. Bax, gözəl söz, diri söz, yaşayan və yaşadan söz odur!
***
...Yeyib içmək zövqünə heyran qaldığım Qəmbər müəllim bulaq suyunun sərrafı və dəlisidi. O deyir ki, bulaq suyunun pisi-yaxşısı olmaz. Hamısı yaxşıdı. İntəhası bir var yaxşı bulaq suyu, bir də var lap yaxşı bulaq suyu...
***
Yüzillər boyunca oğuz-türkman babalarımız qılıncı qolunun, sazı da ürəyinin davamı bildi. İndi ikisindən də uzağıq və bu gündəyik.
***
...Sovet dönəmində bizim qonşu kənddə «Dəli Xanım» adında bir ruh xəstəsi varıydı. Deyirdi bu rayonu Lenin mənə tapşırıb, buranın hər işinə mən cavabdehəm. Gerçəkdən dəli olduğu üçün hökumət dairələri onun söz-söhbətinə məhəl qoymazdı.
Dəli Xanım Tovuzu kəndbəkənd gəzib ev tikənin, su çəkənin, maşın alanın, alış-veriş eləyənin, qərəz ki, hər hansı bir işin qulpundan tutanın başının üstünü kəsər, hay-küy salaraq qatıb qarışdıra-qarışdıra sovet qanunlarından və Leninin tövsiyələrindən danışar, adamlar da onun məzəli sözlərinə gülüşərdilər. Xasiyyətinə bələd olanlar ovcuna iyirmi qəpik basıb bu işə «göz yummasını» xahiş eləyərdilər. Dəli Xanım iyirmi qəpiyi alandan sonra yan-yörəsinə baxıb pıçıytıyla:
- Ancaq Lenin bilməsin ha! – deyərdi.
Bu «ancaq Lenin bilməsin ha» deyimi el-camaat arasında baməzə bir atmaca kimi gəzib dolaşardı. Ərki keçən adamlar müəyyən məsələ ilə bağlı biri-birinə pul-para verəndə Dəli Xanımın məşhur «kəlam»ıyla zarafatlaşmaqdan da qalmazdılar:
- Ancaq Lenin bilməsin ha! ...
***
...Ən böyük təhlükələrdən biri insanların öz nəfs və tamahlarına qul olmasıdır. Bəzən nəfs və tamah şiddətlənib o həddə çatır ki, bütöv bir məmləkət tanınmayacaq dərəcədə dəyişib özgələşir.
***
Deyirik: rəssamın canı rənglərdə, şairin canı sözlərdə, musiqiçinin canı səslərdədir. Füzuli də: «can sözdür»- deyir. Öz canını rəngə çevirməklə rəngə can verə bilən, canını sözə çevirməklə sözə can verə bilən, canını səsə çevirməklə səsə can verə bilən kəslər Tanrının yer üzünə göndərdiyi sirli-sehirli adamlardır. Bəlkə buna görə də çox vaxt biz onları başa düşməyə çətinlik çəkdiyimiz kimi onlar da bizi anlaya bilmirlər...
***
....Əgər hər yan çamırlıqdırsa, heç kəs o çamırdan öz «nəsib» ini almadan oradan keçib gedə bilməz. Əslində bu məsələdə günah nə çamırda, nə də çamıra batanlardadır. Əsas günah çamırlığın yaranmasına səbəb olub qıraqda qupquru gəzənlərdədir.
***
Qışın oğlan çağında sözü qış yuxusundan oyadıb onu bahar duyğusu ilə canlandıran şair... Aşıq Ələsgərdi hər halda...
***
...Bir neçə il qabaq xarici ölkələrin bir jurnalisti Qarabağ mövzusunda telefilm çəkmişdi. İş elə gətirdi ki, bu filmə mən də baxa bildim. İşğal altında olan Qarabağdan ürək qanadan ən müxtəlif görüntülər, daha sonra isə Bakıdan və İrəvandan videotəqdimatlar, müsahibələr... İnsafən, jurnalist gerçəkləri çatdırmağa çalışırdı. Ən çox diqqəti çəkən isə filmin sonluğu idi: öz çəkilişlərini yekunlaşdıran telejurnalistin axırıncı cümlələri: «Mən Bakıda olarkən azərbaycanlıları şad-xürrəm, İrəvanda isə erməniləri dərdli və qaş-qabaqlı gördüm. Qəribədir, məğlub tərəf çalıb-çağırır, gülür, sevinir, qalib tərəf isə dərdli, qayğılı fikirlər içərisində üzülürdü»...
İndi, illər sonrası o filmin bir çox görüntüləri yadımdan çıxıb gedib. Ancaq xarici telejurnalistin söylədiyi axırıncı cümlələri, daha doğrusu, ağrıdıcı cümlələri isə heç cür unuda bilmirəm.
***
Getsin «...Qızın vücuduna sığmayan dəlisov duyğuları varlığını elə havalandırmışdı ki, yeriyib gedəndə sanki ayaqları yerə dəymirdi, göydə uçurdu; gözləri önünü yox, ancaq və ancaq xəyalındakı uzaqları görürdü; dalğalı gur saçları darağa, hörüyə sığmırdı, onu ram edəcək ecazkar bir sığala doğru can atırdı; yaz havasının ilıq nəfəsinə bənzəyən ərköyün səsi yuvalanmaq üçün tumurcuğa bürünmüş bir könül budağı axtarırdı...»
Şair öz rəssam dostundan belə bir portret işləməyi xahiş elədi. Rəssam dərin fikrə daldı, əlindəki boyalı fırça isə heyrətdən quruyub qaldı...
***
...İçərisinə düşdüyü çıxılmaz vəziyyətə tablamadığından ürəyi alışıb yanırdı. O isə ürəyinin atəşini uc-uca calayıb hərisliklə sümürdüyü papirosların közərən oduyla söndürməyə cəhd etməkdən başqa heç nə eləyə bilmirdi.
***
«Qızı otaxlıya yox, papaxlıya vermək lazımdı». Bu sözləri kimdən nə vaxt eşitmişəm, haradan oxumuşam?!- heç cür xatırlaya bilmirəm, ancaq əsil dədə sözü olduğuna yüzəyüz əminəm.
***
...Dədə Qorqud boyları heç vaxt ibrət almadığımız faciəli bir sonluqla bitir: el birliyini şərtləndirən törə-ulus qaydaları ölkə başçısı Qazan xan tərəfindən sərt şəkildə pozulur. O, ayrı-seçkiliyə yol verərək yağmalama mərasiminə Qalın Oğuz Elinin sol qanadını – Dış Oğuzu çağırmır. Sağ qanad – İç Oğuz həmin mərasimi təkbaşına icra edir. Dövlət səviyyəsində yol verilmiş bu yanlış addımdan sonra Qalın Oğuz Elinin sol qanadı – Dış Oğuz bəyləri onlara məhəl qoyulmamasını aşağılanmaq sayır və Qazan xandan üz döndərirlər. Özünə və çevrəsinə hədsiz güvənən Qazan xan elinin-dövlətinin birliyini qorumaq üçün Dış Oğuzun könlünü alıb barışıq yaratmağa cəhd etməkdənsə, qarşı tərəfi daha da qıcıqlandıran addımlar atır. Son olaraq iki tərəfin düşmənçiliyi günahsız qanların tökülməsinə gətirib çıxarır.
...Deyəsən, boyu söyləyən ozan da günahkar qalib tərəfin - Qazan xanın yanındadır. O, bu faciənin yaranmasında əsas səbəbkar olan Qazan xan barəsində güldən ağır söz demir...
***
Bu gün – dünənki sabahdır, həm də sabahkı dünən.
***
Ağac susuzluqdan elə yanmışdı ki, daha su içməyə heyi belə yoxuydy.
***
...1970-ci illərin sonlarından Azərbaycanı boyaboy gəzib dolaşmaqdayam. Folklorçu olduğumdan əsasən yaşlı və orta nəsillə həmsöhbət olmuşam. Onlar otuz-əllinci illəri öz gözləri ilə görüb, taleləri ilə yaşamış adamlarıydı. Həmin sadə adamlar – qara camaat arasında Mircəfər Bağırovun əleyhinə danışan bir nəfərə belə rast gəlməmişəm. Haqqında söz düşəndə heç kəs onun «qaniçən, cəllad obrazını» dilinə gətirmirdi. Əksinə, hamı Bağırovun dürüstlüyündən, mərd-liyindən, xalqın halına yanmağından ağızdolusu danışıridı. Zəhm və zabitəsini də ehtiramla xatırlayırdılar.
Bəs Mircəfər Bağırovun «qaniçən cəllad» obrazı harada və necə yaradılıb?
...Belə məlum olur ki, Mircəfər Bağırovun «xalq düşməni» obrazı Moskvanın hakim dairələri, o cümlədən də «KQB» tərəfindən xüsusi və ardıcıl təlimat sayəsində yaradılıb. Bu işdə əsas təbliğat maşını, şübhəsiz ki, bədii ədəbiyyat olmuşdur. Yuxarıların göstərişinə ilk reaksiyanı sözü gedən dairələrlə yaxın əlaqəsi olan Mehdi Hüseyn verib: «Qara daşlar» və «Yeraltı çaylar dənizə axır» əsərləri həmin «icazəli qəhrəmanlı» ğın məhsullarıdır. Sonra İsa Hüseynov ədəbi estafeti «öz əlinə alıb», onlarla povest və romanında Mirqəzəb obrazını «milli cəllad» statusuna qədər «yüksəldib». Daha sonra da bir sıra yazarlar Bağırovun qara boyalı portretini yaratmaq yarışında «şücaət» göstərib...
Ancaq günü bu günə kimi bədii ədəbiyyat günahını bir az da olsa yumaq üçün bir dəfə dilinə alıb demir ki, Bağırov olsa da, olmasa da Moskvanın repressiya maşını otuzuncu illərdə on minləri caynağına alıb aparacaqdı, bəlkə bir başqası daha böyük rəqəmlərin yaranmasına yol verəcəkdi...
Bədii ədəbiyyat unudur ki, müharibə illərində məhz Mircəfər Bağırovun fədakarlığı sayəsində istisna hal kimi milli Azərbaycan diviziyaları yaradılmış və rus dilini bilməyən on minlərlə soydaşımız qəzəbli rus zabitlərinin güllələrindən qurtula bilmişdi.
Bədii ədəbiyyat onu da unudur ki, elə həmin müharibə illərində Krım tatarları, çeçenlər, inquşlar kimi, Azərbaycan xalqının da Orta Asiyaya sürgün olunması məsələsi Stalinə təklif olunmuş, o da razılıq vermişdi. Məhz Bağırovun fədakar mübarizəsi, deyilənə görə, hətta yalvarışları sayəsində Stalin güzəştə gedərək fikrini dəyişmişdi. Bu gun bu torpaqda - Azərbaycan ərazisində yaşadığımız üçün məhz ona – Mircəfər Bağırova borcluyuq.
Bədii ədəbiyyatın unutmamalı olduğu bir məsələ də var: müharibə illərində Sovet qoşunlarının Cənubi Azərbaycana yerləşməsi də Bağırovun təklifi ilə gerçəkləşib. Minlərlə ziyalı, yazıçı, şair, qəzet işçisi, mədəniyyət xadimi Təbrizə məhz Mircəfər Bağırovun təşəbbüsü ilə yollanıb, orada milli birlik naminə iş aparıb.
1946-cı ildə Bağırov yarım saatdan çox Stalinə yalvarıb qoşunların Təbrizdən geri çıxarılmamasına çalışıb, heç nəyə nail ola bilməyəndə dəstəyi yerinə qoyaraq:
- Bu bədbəxt xalq yenə də birləşə bilmədi, - deyib və hönkürtüylə ağlayıb. Bunu unutmaq olarmı?!
«...Səhvlərim, yanlış hərəkətlərim çoxdur, bir sıra məqamlarda əlim günahsız adamların qanına da batıb, mənə nə cəza verirsiniz verin, qəbulumdur, ancaq «xalq düşməni» deməyin, mən heç vaxt öz xalqımın düşməni olmamışam». Bu dəhşətli etirafın və acizanə istəyin üzərindən illər, onillər keçir. Qarşıdan gələn əlahəzrət zaman nə vaxtsa Mircəfər Bağırovun öz xalqı qarşısındakı günahlarını və fədakarlıqlarını bir də tərəziyə qoyub çəkməlidir. Mənə elə gəlir ki, qoşa gözlü tərəzidə hər şey öz yerini alanda ağır gələn tərəfə baxıb möhtərəm bədii ədəbiyyatımız ən azından xəcalət çəkəcək...
***
Xəfif sərin meh altında könül-könülə verən utancaq sevgililərin titrəyişlər içindəki həyəcanını paylaşan körpə yarpaqlar öz pıçıltılarını onların əhvalına uyğun həzin bir ahəngə kökləmişdilər.
***
Yurdu boş qalmamışdı, ancaq fərsiz övladı topdağıtmaz ev-eşiyini elə günə qoymuşdu ki, yurdun boş qalmağı ondan daha abırlı görünərdi.
***
....Şəkililər kimi təbrizlilər də lətifə sevəndirlər. Güney Azərbaycanda olanda baxdım ki, Təbrizdə gəzib dolaşan gülməli əhvalatların, lətifələrin çoxu ərdəbillilər haqqındadır. Çox da xoşuma gəlməyən bu məsələnin kökü ilə maraqlandım. Bəlli oldu ki, bu lətifələr Səfəvilər zamanından üzü bəri təbrizlilərin dilindədir. Sən demə, əslən ərdəbilli olan Səfəvi şahları Təbrizdə taxt-tac sahibi olsalar da, mötəbər dövlət vəzifələrini təbrizlilərə deyil, ancaq öz həmşəhərlilərinə verərmişlər. Bu ayrı-seçkilik Təbriz əhlinin xoşuna gəlmədiyindən elə o vaxtdan ərdəbillər barəsində çox sayda gülməli əhvalatlar uydurub bazarda-meydanda yayıblar. Səfəvilər əvvəlcə Təbrizdən, sonra isə bütövlükdə hakimiyyətdən getsələr də, təbrizli-ərdəbilli qarşıdurması, təəssüf ki, lətifə mövzusu kimi hələ də Güney Azərbaycanda gündəmdən düşmür. Hətta beş yüz il sonra da...
***
Hər sevən və ya sevilən «sevgili» deyil. Biz fərqinə varmadan bu sözü necə gəldi işlədirik. O səbəbdən «sevgili» sözünün yerini dəqiqləşdirməliyik. Qarşı tərəfi sevirəm, o da məni sevir. Mənim sevgim onda, onun sevgisi məndə olursa, biz «sevgili» yə çevrilirik. Bir də var, sən sevəsən, o sevməyə, o sevə, sən sevməyəsən. Sənin sevgin onda yoxdursa, o sənin «sevgilin» deyil, «sevdiyin» dir, yaxud da, o səni sevirsə və bunun qarşılığı yoxdursa, sən onun «sevgilisi» deyilsən, «sevdiyisən». Ancaq qarşılığı olan sevgilər «sevgili» obrazını yarada bilir.
***
Dünyada uşaq təbəssümü qədər duru və təmənnasız nə var?!
***
Boz-bulannıq sellər dərələri, yarğanları aşıb nəfəsini dərmədən dənizə doğru şığıyır. Elə bil özünü bir an öncə dənizə yetirib yuyunmaq, üst-başının çamırından, palçığından mümkün qədər tez qurtulmaq istəyir ...
***
Rəhmətlik Səyavuş Sərxanlı elat ruhunun gözəl bilicisiydi. Bir sözü heç yadımdan çıxmır: «Çörək elə bir nemətdir ki, onun ortası, qırağı-bucağı yoxdu. Çörəyin hər yeri çörəkdi...»
***
Sazbənd Usta Xudu seçdiyi tut ağacı parçalarını xüsusi qəlib-qazanda möhkəm-möhkəm qaynadanda, daha doğrusu, cızdağı çıxıb qıpqırmızı qızarana qədər bişirəndə soruşmuşdum:
- Usta, bu, ağac, bişirməkdi, yoxsa tut ağacını yandırıb yaxmaqdı, ona divan eləməkdi!
Usta Xudunun cavabı nə olsa yaxşıydı:
- Oğul, bu ağac parçaları saza dönəndən sonra daha böyük yanğılar gəlib keçəcək onun sinəsindən: Kərəm odu, Qərib odu, Dilqəm odu... Mən bəri başdan onu elə qaynadıram, oddan elə keçirirəm ki, Kərəmin alışıb yanmağına, Qəribin qürbətdə qərib-qərib kozərməyinə, Dilqəmin nisgilli, tüstülü göynərtisinə sinəsi tablaya bilsin. Yoxsa, o yanğıların qabağında duruş gətirmək saza çətin olar, çox çətin olar...
Gördüm ustad düz deyir...
Summary
From My Heart, From My Fate
The seventh series of "From My Heart, From My Fate" writings has been presented by the author. The article begins with the explanation of the philosophy of Kurban holiday and continuous with other interesting idioms. Untill this publication it has been published six series of this article and all of them are very popular among the readers. This part is also full of meaningful and valuable sayings which will be very interesting for everybody.