Sentyabrın 28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlarının VI qurultayı keçirildi.

Qurultayı Xalq şairi Nəriman Həsənzadə açaraq aşıq sənətinin xalqımızın mədəni həyatında oynadığı roldan danışdı, tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulad və Qurultaya sədrlik etmək üçün Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun namizədliyini irəli sürdü.

Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Qurultaya sədrlik edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov aşıq sənəti haqqında dərin məzmunlu çıxış etdi. Azərbaycan Aşıqlarının ilk qurultayının 1928-ci ildə keçirildiyini diqqətə çatdıran R.Hüseynov bu gün altıncı qurultayın gerçəkləşməsinin əlamətdar hadisə olduğunu vurğuladı. Bildirdi ki, aşıq sənəti həm də millətin böyük amallarının ifadəsidir: “Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Mehriban xanımın UNESCO-nun xoşməramlı səfiri kimi bilavasitə səyləri nəticəsində Azərbaycan aşıq sənəti bu təşkilat tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. UNESCO-nun irs siyahısına ölkəmizin 11 nominasiyası daxil edilib. Daha bir neçə nümunə ilə bağlı iş gedir. İnanıram ki, onların da UNESCO-nun siyahısına salınması reallaşacaq”.
Vurğulandı ki, bu gün aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur.
Sonra qurultayın mandat komissiyasının sədri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin hesabatı dinlənildi.
Qurultayda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin inkişafı, təbliği və tədrisi ilə bağlı son illərdə həyata keçirilən fəaliyyətdən söz açdı. Bildirdi ki, ölkəmizin bütün bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti proqrama daxil edilərək öyrədilir, tədris olunur. Bütün bunlar qədim xalq sənətinin gələcək nəsillər tərəfindən qorunmasına, yaşadılmasına hesablanmış addımdır.
Nazir əbədi mənəvi varlığımız olan aşıq sənətinə ulu öndər Heydər Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin təşəbbüsü ilə 2000-ci ildə UNESCO tərəfindən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirildiyini xatırlatdı. Qeyd etdi ki, ulu öndərin dövlətçilik xəttinin layiqincə davam etdirən ölkə başçısı İlham Əliyev ədəbiyyatımıza, incəsənətimizə, aşıq sənətinə daim qayğı göstərir, aşıqlarımıza fəxri adlar, Prezident təqaüdü verilir: “Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi, saz-söz sənətimizə də dövlət qayğısı sayəsində bu sənət inkişaf etdirilir və dünya səviyyəsində təbliğ olunur. Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti bu gün UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alıb”.
Nazir qurultayın işinə uğurlar arzu edərək, aşıq sənətinin bundan sonra da Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına təkan verəcəyinə ümid etdiyini bildirdi.
Daha sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək rəhbərlik etdiyi qurumun son illər gördüyü işlərdən danışdı. Vurğuladı ki, son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür.
Natiq dedi ki, bu gün milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və dövlət qayğısı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında – UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Bildirdi ki, bu gün aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir. Bu sənət dövlətçiliyə bağlı olan sənətdir.
Türkiyədən gəlmiş folklorşünas Əli Kafkasyalı, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, professor Qəzənfər Paşayev, aşıqlar Mahmud Məmmədov, Ulduz Quliyeva, Samirə Əliyeva və digər çıxış edənlər qurultayın əhəmiyyətindən söz açdılar, aşıq sənətinin humanitar mədəniyyət strategiyasındakı rolunu vurğuladılar.
Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov Azərbaycan Aşıqlar Birliyi Nəzarət-təftiş komissiyasının hesabatını təqdim etdi.
Birliyin katibi, Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu Azərbaycan Aşıqlar Birliyinin Nizamnaməsinə edilən dəyişikliklər haqqında qurultay iştirakçılarına məlumat verdi. Nəzərdə tutlan dəyişikliklər – Birliyin Qurultayının bundan sonra 5 (beş) ildə bir dəfə keçirilməsi və İdarə heyəti üzvlərinin sayının 25-dən 31-ə qaldırılması yekdilliklə qəbul olundu.
Sonra qurultayda təşkilati məsələlərə baxıldı. Səsvermə nəticəsində Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyinin sədri, Musa Nəbioğlu, Altay Məmmədli və Ağamurad İsrafilov katiblər, Seyfəddin Qəniyev Nəzarət-təftiş komissiyasının sədri seçildilər.
Sonda qurultay iştirakçılarının Prezident İlham Əliyevə təşəkkür müraciəti oxundu. Qurultayın adından Qətnamə qəbul olundu.

 

NƏZARƏT-TƏFTİŞ KOMİSSİYASI

Seyfəddin Qəniyev (sədr)

Şaiq İsayev (müavin)

Təşəkkül Əmralıyev

Dəmir Vəliyev

Kəmalə Qubadlı

 

AZƏRBAYCAN AŞIQLARININ VI QURULTAYININ QƏTNAMƏSİ

Xalq yaradıcılığının ən zəngin və qüdrətli qollarından sayılan aşıq sə¬nətinin ənənələrini, çağdaş durumunu və perspektivlərini dərindən araş¬dıran Azərbaycan Aşıqlarının VI Qurultayı mədəni həyatımızda baş verən uğurlu hadisələrdən biri olaraq öz işini yekunlaşdırır. Azərbaycan Aşıq-larının VI Qurultayı məruzə və çıxışlara, müzakirələr zamanı müxtəlif məsələlərlə bağlı səsləndirilmiş təkliflərə əsasən qərara alır:
1. Milli mədəniyyətin, tarixi-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində müstəqil Azərbaycan dövlətinin yeritdiyi mə¬də¬ni siyasət bəyənilsin. Ümummilli liderimiz Heydər Əliyevin müəy¬yən¬ləşdirdiyi milli mədəniyyət strategiyasının uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti yüksək dəyərlən¬di¬rilsin. Milli-mənəvi dəyərlərə qayğı və diqqətin yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi kimi 2009-cu ildə aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınmasının bu sənətin tarixində mühüm hadisə olduğu qeyd edilsin.
2. Milli mədəniyyəti təmsil edən digər sahələr kimi, aşıq sənətinin qorunması, təbliğı və inkişafı ilə bağlı Mədəniyyət Nazirliyinin dəyərli fəaliyyəti qədirşünaslıqla qeyd edilsin.
3. Azərbaycan xalqının mənəvi qüdrətini təmsil edən unikal bir mə¬dəniyyət hadisəsi kimi aşıq sənətinin beynəlxalq miqyasda məqsədyönlü şəkildə təbliği istiqamətində fəaliyyət genişləndirilsin, bu sahədə sistemli və ardıcıl iş aparılsın.
4. Aşıq sənətinin tədrisi işinin keyfiyyətcə yeniləşdirilməsinə xüsusi diqqət yetirilsin. Tədris proqram¬ları təkmilləşdirilsin, günün tələblərinə cavab verən dərsliklər hazırlansın. Ustad aşıqların, istedadlı saz ifaçılarının tədris prosesinə cəlb olunması ilə bağlı tədbirlər görülsün. Mədəniyyət və İncəsənət Universitetinin bu sahədəki fəaliyyəti təqdir olunsun.
5. Aşıqların sosial statusu və maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət qayğısı gücləndirilsin. Onların iş yerləri ilə təmin olunması, adlı təqaüdlərə, fəxri adlara təqdim edilməsi daim diqqət mərkəzində saxlanılsın.
6. Vahid, müstəqil yaradıcılıq mərkəzi statusunda “Ozan-Aşıq Evi”nin yaradılması təklifinin əlaqədar dövlət qurumları tərəfindən himayə olunması üçün ardıcıl iş aparılsın.
7. Gədəbəy rayonunda “Aşıq Musiqi Məktəbi”nin açılması təqdir olunsun və bu sahədə fəaliyyət genişləndirilərək bu sənətin daha geniş yayıldığı Qazax, Tovuz, Akstafa, Gəncə, Şamaxı və digər rayonlarda da müvafiq məktəblərin tikilməsinə nail olunsun.
8. Dastanlarımızın dövrün tələblərinə uyğun şəkildə yeni təqdimatda ifa olunub sənətsevərlərə çatdırılması üçün “Dastan teatrı” yaradılsın.
9. Aşıq sənətinin genişmiqyaslı və dolğun tarixi-mədəni mənzərəsini əks etdirən “Ozan-aşıq ensiklopediyası”nın nəşri həyata keçirilsin, xalqımızın qəhrəmanlıq tarixini özündə əks etdirən “Koroğlu ensiklopediyası” hazırlansın. Aşıq sənətinə dair dövri nəşrlərə və ustad aşıqların həyat və fəaliyyətlərinə həsr olumuş kitabların nəşrinə diqqət artırılsın.
10. Kütləvi informasiya vasitələrində ustad aşıqların, saz-söz sənətinin, milli epos mədəniyyətinin işıqlandırılmasına diqqət artırılsın. Aşıq yaradıcılığı ilə bağlı kino və telefilmlərin, radio-televiziya verilişlərinin hazırlanması işi keyfiyyətcə yeniləşdirilsin. Klassik və müasir ifaçıların, saz havalarının audio və vi¬deolentlərə yazılması, müasir tələblərə cavab verən audio və video albomların hazırlanması, onların ölkə daxi¬lində və beynəlxalq miqyasda təbliği sistemli şəkildə həyata keçirilsin. Bu sahədə Azərbaycan TV və Mədəniyyət kanalının, İctimai TV-nin fəaliyyəti bəyənilsin. “Dünya”, “Lider”, “Speys” TV-lərdəki aşağı səviyyəli bayağı saz verilişlərinin ictimaiyyətin narazılağına səbəb olduğu qeyd edilsin.
11. Artıq Azərbaycanda iki dəfə uğurla baş tutmuş Beynəlxalq aşıq festivalı müntəzəm və davamlı şəkildə keçirilsin. Gənc istedadları üzə çıxarmaq üçün iki ildən bir “Aşıq müsabiqəsi” keçirilsin.

 

 Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş idarə heyəti
1. Məhərrəm Qasımlı
2. Mahmud Məmmədov
3. Ulduz Quliyeva
4. Qəzənfər Paşayev
5. Əli Quliyev
6. Əhliman Rəhimov
7. Umbay Axundov
8. Fətulla Göyçəli
9. Ədalət Dəlidağlı
10. Abbas Musaxanoğlu
11. Samirə Əliyeva
12. Ağamurad İsrafilov
13. Elxan Məmmədli
14. Musa Nəbioğlu
15. Altay Məmmədli
16. Bəhmən Göyçəli
17. Gülarə Azaflı
18. Haşım Qubalı
19. Əli Tapdıqoğlu
20. Qələndər Zeynalov
21. Cabbar Cabbarov
22. Solmaz Kosayeva
23. Nemət Qasımlı
24. Məhərrəm Hüseynli
25. Məhəmməd Şirvanlı
26. Tarıyel Məmmədov
27. İradə Köçərli
28. Kamilə Dadaşzadə
29. Barat Vüsal
30. Camoy Qurbanov
31. Əhliman Kəlbəcərli

 

FOTOLAR: http://azerab.az/index.php/fotozhalereya/category/11-azaerbaydzan-ash-zhlar-n-n-vi-zhurultay-kedzhirildi