Hörmətli Prezidentimiz İlham Əliyev cənabları!
Bu gün Azərbaycanda gedən iqtisadi və mədəni quruculuq işləri hər birimizdə yüksək qürur hissi yaradır. Mədəniyyətimizin digər sahələri kimi milli-musiqi dəyərlərimiz, xüsusən də muğam və aşıq sənətlərinin inkişaf perspektivləri ilə bağlı həyata keçirdiyiniz sistemli tədbirlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmasından sonra dövlətimizin əvəzsiz milli sərvətimiz olan aşıq sənətinə böyük qayğı və diqqət göstərdiyi hər an duyulmaqdadır. Son illərdə xeyli sayda aşığa Prezidentin fərdi təqaüdü və “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verməyinizi minnətdarlıqla qarşılayırıq.

Qurultayımızın yüksək səviyyədə keçirilməsinə yaratdığınız şərait və sənətimizə verdiyiniz dəyər Sizə olan ehtiramımızı daha da artırır. Aşıq sənətinə dövlət səviyyəsində qayğının hər birimizin sənət və məişət həyatında öz əksini tapacağına inamımız böyükdür. Ümidvarıq ki, Dədə Qorqud yadigarı olan bu qədim və möhtəşəm sənətin qorunması, inkişafı və təbliği daim diqqət mərkəzində olacaqdır.
Aşıqlarımız tarixən olduğu kimi, bu gün də dövlətçiliyimizin, müstəqilliyimizin, vətən torpaqlarının birlik və bütövlüyünün tərənnümçüsü və mənəvi keşikçiləridir. Biz Ulu öndərimiz Heydər Əliyev ideyalarının təbliğini sazımız və sözümüzlə dünyaya yaymaqdan qürur duyuruq. Xalqımızın qəhrəmanlıq, vətənpərvərlik, milli dövlətçilik ruhunun yüksəldilməsində, torpaqlarımızın birliyi, bütövlüyü uğrunda mübarizədə sinəmizdəki Koroğlu sazı susmaq bilmədən öz müqəddəs tarixi missiyasını şərəflə davam etdirəcəkdir.
Möhtərəm cənab Prezident!
Biz Azərbaycan aşıqları xalqımızın Sizə olan hörmət və məhəbbətini bir daha diqqətinizə çatdıraraq bildiririk ki, Azərbaycan xalqı Sizə inanır, güvənir və bütün fəaliyyətinizi ürəkdən dəstəkləyir.

Hörmətlə,
Azərbaycan Aşıqlarının VI qurultayının nümayəndələri

Bakı, 28 sentyabr 2018-ci il