Sentyabrın 18-də Qazaxda Əməkdar incəsənət xadimi, unudulmaz ustad sənətkar aşıq Ədalət Nəsibovun anım günü və qəbirüstü abidəsinin təntənəli açılışı olub.

Görkəmli heykəltəraş, Əməkdar incəsənət xadimi Natiq Əliyevin hazırladığı abidənin açılış mərasimində ədalətsevərlər – saz-söz ictimaiyyəti, respublikamızın tanınmış elm və sənət adamları, ustadın yetirmələri iştirak ediblər. Tədbiri Qazax RİH başçısı Rəcəb Babaşov açaraq Ədalət Nəsibovun saz-söz sənəti ilə bağlı tarixi xidmətlərini yüksək qiymətləndirib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, ustadın yetirmələri – Əməkdar mədəniyyət işçiləri Əli Quliyev və Ədalət Dəlidağlı çıxış edərək bu ölməz sənətkarla bağlı xatirələrini söyləyiblər.
Daha sonra rayon mərkəzində Ədalət Nəsibovun xatirəsinə həsr edilmiş elmi-mədəni tədbir keçirilib. Həmçinin Ədalət Nəsibovun öz şeirləri və ona ithaf olunmuş şeirlərdən ibarət kitab ədalətsevərlərə təqdim olunub.